Balıq yetişdirilən süni göllərə nəcis tökülür? - "Bizə zənglər daxil olur"

Son illər Azərbaycanda balıqçılıq təsərrüfatı məqsədilə süni sututarların (gölməçələr) yaradılmasına maraq artıb. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, süni göllər ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılır.

Komitənin monitorinqləri nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib.

Balıq gölməçələrinin yaradılmasına maraq ona görə artır ki, bu işlə məşğul olanlar kifayət qədər gəlir əldə edə bilirlər.

Bəs balıq gölməçələrinin hamısında balıqların qidalandırılması zamanı təmizliyə riayət olunurmu? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yeniavaz.com saytına açıqlamasında bununla bağlı rəhbərlik etdiyi təşkilata müxtəlif vaxtlarda şikayət zəngləri daxil olduğunu deyib.

"Ötən il isə bizə konkret istehlakçının ərizəsi daxil olmuşdu. Çox təəssüflər olsun ki, dövlət orqanları bu məsələ ilə bağlı "3 muşketyor" qanunları ilə işlədilər. "Hamımız birimiz üçün, birimiz hamımız üçün" prinsipi ilə çıxış etdilər və istehlakçının dediyini təkzib edən sənədləri mənə göndərdilər. Sabirabad rayonunun kəndindən istehlakçı özü ərizə ilə bizə müraciət edərək bildirmişdi ki, süni balıq gölünə insan nəcisi töküb balıqları yemləyirlər",-deyə Eyyub Hüseynov vurğulayıb.

Təşkilat sədrinin fikrincə, nə qədər ki, sertifikat verən orqanla yoxlayıcı orqan bir əldə birləşib, bu problemlərin həlli çətin görünür: "Heç vaxt eyni bir adam götürüb öz oturduğu ağacı kəsməz. Biz həmişə iş aparmışıq ki, sertifikat verən orqan müstəqil olsun. Balıq məhsullarına da sertifikat verilir, göllərin ekoloji təmiz olmasına da sertifikat verilir. Sertifikat verən orqan yoxlayıcı orqandan ayrı, müstəqil olmasa, bu bəla Azərbaycanda davam edəcək, istehlakçılarımız apteklərdə, klinikalarda növbədə olacaq, dərman biznesi genişlənəcək və s.

Çox təəssüflər olsun ki, əhalinin sağlamlığının qorunmasına xidmət məqsədi ilə yaradılan Qida Təhlükəsizliyi Agentliyi də öz əlində sertifikat vermə və yoxlama funksiyalarını birləşdirib. Yenə də bu problem həll olunmayacaq, çünki eyni bir qurum öz verdiyi sertifikatı təkzib etməyəcək.

20 ilə yaxındır biz istehlakçı hüquqlarını qoruyuruq, bir dəfə də olsun Azərbaycan həkiminin insanların nədən zəhərlənməsi barədə sənədinə rast gəlməmişik. Ortada olan sənədlərdə yazılır: "Özü hazırladığı şorabadan, qarpızdan, yemişdən zəhərlənmə baş verib". Yəni yiyəsi olmayan mallardan...

Yiyəsi olan - kütləvi, yəni sənaye üsulu ilə, zavod-fabriklərdə istehsal edilən mallardan zəhərlənmə barədə bir nəfər Azərbaycan həkiminin yazısına rast gəlməmişik, çünki Səhiyyə Nazirliyi ona sertifikat verir, maraqlar var. Azərbaycanda bu sindrom yığışdırılmalıdır. Bu məsələ həll olunmayanadək insanların sağlamlıq problemi həll edilməyəcək. Göllərə insan nəcisi də töküləcək, hələ başqa şeylər də veriləcək və bu cür məhsullar bazara çıxarılıb satılacaq.

Rəhbərlik etdiyim Azad İstehlakçılar Birliyinə bununla bağlı il ərzində 2-3 dəfə zəng gəlir. Zəng vuranlar adlarını demirlər. Onlar bildirirlər ki, xüsusi maşınlar var, göllərə nəcis daşıyırlar. Deyirlər ki, bunun qarşısı alınmalıdır, yoxsa sağlamlığa çox pis təsirləri olacaq və s".

DİGƏR XƏBƏRLƏR

Top