
Vaşinqtonun Tehrana qarşı sanksiyaları qismən bərpa etmək haqqında qərarından sonra ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq mənasızdır. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, sanksiyaları tətbiq etməklə birlikdə danışıqlar aparmağın heç bir mənası yoxdur. H. Ruhani qeyd edib ki, İran diplomatik metodlara əsaslanır, halbuki Birləşmiş Ştatlara etibar etmək olmaz.
İran Prezidenti deyib: “İran diplomatiyaya inanır, hərçənd Vaşinqtona etibar etmək olmaz. Məhz ABŞ Prezidenti Donald Tramp birinci olaraq danışıqlar prosesinə arxa çevirib. Birləşmiş Ştatlar indi Tehranla dialoq aparmaq arzusunda olduğunu sübut etməlidir”.
Xatırladaq ki, ABŞ Tehrana qarşı sanksiyaların birinci mərhələsini bazar ertəsindən çərşənbə axşamına keçən gecə bərpa etməyə başlayır. Həmin sanksiyalar nüvə sazişi bağlandıqdan sonra 2016-cı ilin yanvarında ləğv edilmişdi. Avqustun 7-dən etibarən Tehranla qızıl və bir sıra metalların ticarətinə, onun milli valyutası və dövlət borcu ilə əməliyyatlara məhdudiyyətlər gətirilir, eləcə də İran hökumətinə dolların satışına qadağının qoyulması bərpa edilir.
Tətbiqimizi yükləyə bilərsiniz