Övladlarına məktəb paltarı ala bilməyən analar kömək istəyir - Müraciət

Mingəçevir sakini Kəmalə xanım Əliyeva inkansızlıqdan 14 ildir əziyyət çəkdiyini deyir. Yeniavaz.com xəbər verir ki, kirayədə yaşayan Kəmalə xanım bizə müraciət edərək durumu ilə bağlı imkanlı şəxslərdən ona yardım olmasını istəyib. Kəmalə xanım bildirir ki, həyat yoldaşı fəhlədir, iş olanda işləyir, olmayanda da bekar qalır: "Bu günə qədər yarı ac, yarı tox dolana bilmişik. Ötən il küçədən tapdığım məktəbli çantası ilə kiçik qızımı məktəbə yola saldım. Qızıma dedim ki, atan alıb. Uşaq mənə deyir ki, ay ana, atam mənə niyə qulpsuz çanta alıb? Artıq uşaqlar böyüyür, hər şeyə diqqət edirlər. Onlar dost-tanışlarından seçilmək istəmirlər. Özüm də kafelərdə, toyxanalarda qab-qacaq yumaqla birtəhər çörək pulunu çıxara bilirəm. Amma övladlarıma nə məktəbli paltarı, nə də məktəb ləvazimatları almağa imkanım çatmır. Xahiş edirəm, imkanlı şəxslər bu ləvazimatları almaqda mənə yardımçı olsunlar. Böyük övladım 4-cü sinifdə oxuyur. Dəfələrlə sosial yardım almaq üçün müraciət etmişəm. Lakin hər dəfə bir qanun çıxır, ala bilmirəm. Kirayə haqqını ödəyə bilmirəm, insafən ev sahibi bizi gözləyir".

Digər bir şəhər sakini, 3 uşaq anası Quliyeva Reyhanə yataqxanada uzun illərdir kirayədə yaşadığını deyir: "3 övladım var, onlardan biri xəstədir. Digər iki övladım biri bu il 2-ci sinifə, digəri də 1-ci sinifə gedəcək. Yoldaşım işsizdir. 3 uşaqla yaşadığımız mənzil bərbad vəziyyətdədir. Artıq məktəbin açılmasına az qalıb. Qayğılı günlərimiz artıb. Heç bir yerdən köməyimiz yoxdur. Mənim imkanım yoxdur ki, bu il övladlarımı məktəbə yola salım. Uşaqdır, nə görsə istəyir, mən balalarıma qarın dolusu yemək yedizdirə bilmirəm. Hara müraciət edək ki, bizə uşaqlarımızı məktəbə yola salmağa kömək etsinlər?".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top