Məşhurlar Anar Nağılbazın ölümündən yazdı​lar

"Anar Nağılbazı hələ orta məktəbdə oxuduğu illərdən tanıyıram. Utancaq, hamı ilə hörmətlə davranan biri idi".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri sabiq deputat İqbal Ağazadə reper Anar Nağılbazın qəfil ölümünə münasibət bildirərkən deyib.

"Musiqi aləminə yenicə qədəm qoyurdu. Bakı Dövlət Universitetinin 8 nömrəli yataqxanasında yerləşən TAVTM-ə (tələbələrin asudə vaxtının təşkili mərkəzi) gəlirdi. Demək olar ki, hər gün rastlaşırdıq. Zaman və uğursuzluqlar, mühit və xarakterindəki zəifliklər (tanıdığım üçün bu ifadəni işlətdim) onu bu həyatdan vaxtsız apardı. Qəbri nurla dolsun, Allah günahlarını bağışlasın",-deyə sabiq deputat bildirib.

Prodüsser Taxix Əliyev yazıb: "Əslində heç münasibətim yox idi, yalnız "Maşın Şou"da görmüşdüm. İndi Ceyhun Qala yazdı ki, rəhmətə gedib. Allah rəhmət eləsin. Amma kaş övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi".

Müğənni Nazənin: "Bəzi jurnalistlər rahatlanın, bunun da axırına çıxdınız... Allah sənə rəhmət etsin, nur içində yatasan",-yazıb.

Müğənni Elçin Cəfərov: "Bu insanın haqqına girənlər, kimsə gülsün, kiməsə xoş gəlsin deyə lağa qoyanlar, reytinq xətrinə gözdən salanlar, indi necə halallıq alacaqsınız? Bunu heç düşündünüzmü? İndi ölən andan hamının yazığı gəlməyə başladı. Başqasının həyatına sərf edəcəyimizə, özümüzdə o qədər qüsur var ki, onları düzəldək məncə..."

Yazıçı-dramaturq Firuz Mustafa: "Eşitdim ki, Anar Nağılbaz vəfat edib. Şəxsi tanışlığım yox idi. Amma atası Rizvan Cəbiyevi tanıyıram. Vaxtilə “Azərbaycan gəncləri” qəzetində birgə işləmişik. Rizvan müəllim prinsipal, güclü yaddaşı və mühakiməsi, habelə iti qələmi olan bir adamdır. Özü də zənnimcə “nağılbaz” yox, realist bir adamdır. Vaxtilə Milli Məclisin üzvü olub. Övlad itkisi ağır olur. Allah Anar Nağılbaza rəhmət eləsin".

Jurnalist Esmira Cavadova: "Çoxu yazır Anar Nağılbazı cəmiyyət öldürdü. O cəmiyyətin bir üzvü mən, o adamın ölümündə mənim əlim yoxdu. Allah rəhmət eləsin, günahlarını bağışlasın, intəhası, camaat səhhətini qoruya-qoruya gedib yetmişə çatmır, ay başınıza dönüm, Anar gəncliyini, sağlamlığını o zibillə məhv elədi, sonrası da məlum. Cəmiyyət neyləsin".

(Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

Top