Əməkdar artist vəfat etdi​ - YENİLƏNİB

Atam komada idi. Bir saata yaxın olar ki, dünyasını dəyişib.

Bu sözləri Oxu.Az-a Əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov deyib.

O, atasının vəfat etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Həsənağa Sadıqovun ölüm xəbəri çıxsa da, sonradan oğlu və yaxınları sənətçinin ölmədiyini, can üstə olduğunu bildirmişdi.

15.21

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun vəfatı ilə bağlı öz "Instagram" səhifəsində məlumat yayan aparıcı Hacı Nuran Hüseynov yeni xəbər yayıb.

Aparıcı səhifəsində xəbəri yeniliyərək sənətkarın sağ olmasını qeyd edib.

O bildirib ki, əməkdar artistin oğlundan aldığı son məlumata görə, Həsənağa müəllimin nəfəsi qayıdıb, gedib-gəlir, can üstündədir: "Deməyə söz tapmıram".

***14:09

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi tanınmış musiqiçi Həsənağa Sadıqov vəfat edib.

Yeniavaz.com saytının məlumatına görə, bu barədə sosial şəbəkədəki səhifəsində tanınmış aparıcı Nuran Hüseynov məlumat verib: "67 yaşı var idi. Yazmağa söz tapmıram, Allah rəhmət eləsin".

H. Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Salyanda yaşayırdı.

Qeyd edək ki, Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarından olub.

O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.

Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gündə fəaliyyət göstərir.

hesenaga

DİGƏR XƏBƏRLƏR

Top