Aralıq dənizi Avropa sahillərinə hər il minlərlə miqrantın cəsədini çıxarır

Aralıq dənizi vasitəsilə Asiya və Afrika ölkələrindən Avropoya qanunsuz köçənlərin sayı bu ilin ilk yarısında ötən ilin ilk yarısı ilə müqayisədə kəskin azalıb. Yeniavaz.com Beynəlxalq Miqrasiya Təşkilatının açıqladığı məlumata istinadən bildirir ki, ötən ilin yanvar ayının 1-dən iyul ayının 25-ə kimi Aralıq dənizi vasitəsilə İtaliya ərazisinə 94 min 488 nəfər miqrant daxil olduğu halda, bu ilin 1 yanvar - 25 iyul tarixləri arasında miqrantların sayı 18 min 130 nəfərə düşüb.

İspaniya ərazisinə daxil olanların sayında isə artım qeydə alınıb. 1 yanvar - 25 iyul 2017-ci il tarixlərində İspaniya ərazisinə daxil olan miqrantların sayı 6 min 513 nəfər olduğu halda, bu ilin analoji dövründə onların sayı 20 min 992 nəfərə yüksəlib.

Beynəlxalq Miqrasiya Təşkilatından bildirilir ki, bu il Aralıq dənizi vasitəsilə Yunanıstana daxil olanların sayında da artım qeydə alınıb. Ötən ilin 1 yanvar - 25 iyul tarixlərində Yunanıstana 10 min 519, bu ilin 1 yanvar - 25 iyul tarixlərində isə 15 min 528 miqrant daxil olub.

Ötən illə müqayisədə bu il Aralıq dənizində bataraq ölən miqrantların sayında da azalma olub. Belə ki, 2017-ci ilin 1 yanvar - 25 iyul tarixlərində İtaliya, İspaniya və Yunanıstan sahillərində ümumilikdə 2 min 401 miqrantın cəsədi aşkarlanıb. Bu ilin eyni dövründə isə cəsədləri sahilə çıxan miqrantların sayı 1 min 504 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top