10 manat kapitalı olan şirkət xaricə 35,8 milyon dollarlıq məhsul satıb

Bu ilin birinci yarısında həyata keçirilən qeyri-neft sektoru üzrə ixracla bağlı rəsmi statistik rəqəmlərin təhlili nəticəsində əsas ixracatçı subyektlərin reytinqi tərtib olunub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, tərtib edilən bu reytinq həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektləri əhatə edir. 2018-ci ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyeklərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunur:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 51,2 milyon dollar

"Kapitan Fruits" MMC - 35,8 milyon dollar

"Baku Steel Company" MMC - 24,8 milyon dollar

“Food Export Şəmkir” MMC - 22,5 milyon dollar

"Qala meyvə-tərəvəz ixracat idxalat" MMC - 22,1 milyon dollar

"MKT İstehsalat Kommersiya" MMC - 21,8 milyon dollar

“Azfruittrade” MMC - 21,3 milyon dollar

“Şirin Aqro” QSC - 14,5 milyon dollar

"Sun Food" MMC - 12,1 milyon dollar

İskəndərov Sahib Səməd oğlu - 12,1 milyon dollar

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları üzrə tərtib edilən reytinqlə müqayisədə bu dəfəki siyahıya bir neçə şirkət - "Kapitan Fruits" MMC, “Azfruittrade” MMC və “Şirin Aqro” QSC daxil olub. “Şirin Aqro”nun 200 min dollarlıq ixracatı nəzərə alınmasa bu şirkətlər ötən il heç bir ixracat həyata keçirməyiblər. “Food Export Şəmkir” MMC isə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə artırıb.

Maraqlı məqamlardan biri də odur ki, bu ilin ilk yarısında 35,8 milyon dollarla ən çox qeyri-neft məhsulu ixrac edən ikinci şirkət "Kapitan Fruits" MMC cəmi 7 ay əvvəl - 2017-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. 6 ay ərzində 35,8 milyon dollar məhsul ixrac edən şirkətin nizamnamə kapitalı isə cəmi 10 manatdır.

Son bir ildə ixracdakı paylarını kəskin artıran və yuxarıda adları qeyd olunan 4 şirkət - "Kapitan Fruits" MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC və “Şirin Aqro” QSC 2017-ci il ərzində dövlət qeydiyyatına alınıblar.

Ötən ilin ilk yarısında xaricə 7,7 milyon, bu ilin ilk yarısında isə 12,1 milyon dollar dəyərində məhsul ixrac edən İskəndərov Sahib Səməd oğlu haqqında isə internet resurslarda heç bir məlumata rastlamaq mümkün olmur. Maraqlıdır ki, milyonlarla dollar məhsul ixrac edən sahibkar haqqında ölkə mətbuatında bugünə kimi heç bir məlumat yer almayıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və bir milyon dollardan cox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.

DİGƏR XƏBƏRLƏR

Top