Yüksək sürətlə hərəkətdə olan maşını söndürəndə RADARA DÜŞMÜR? - Açıqlama

"Sürət həddini pozsan belə, radara yaxınlaşarkən sürət qutusunu neytral vəziyyətə qoyduqda avtomobil radara düşmür". Yeniavaz.com xəbər verir ki, bu fikirlər sosial şəbəkələrdə paylaşılıb və istifadəçilərin marağına səbəb olub.

İddia edilir ki, radara yaxınlaşdıqda avtomobil söndürülərsə, sürət qutusu neytral olarsa, motor işləmədiyindən radar maşının sürətini müəyyən edə bilmir.

Hətta o da bildirilib ki, xüsusilə Rusiyada hər il yüzlərlə sürücü bu yolla radara düşməkdən yayınır. Bəs bu iddialar nə dərəcədə doğrudur? Bu fikirlərin əsası varmı?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı saytımıza açıqlamasında belə bir şeyin mümkünsüz olduğunu dedi. Onun sözlərinə görə, sürət həddini pozan hər bir avtomobil radara düşür: "Bir neçə il əvvəl də deyirdilər ki, guya avtomobilin şit adlanan hissəsinə disk qoyduqda radar maşının sürətini müəyyənləşdirə bilmir. Bütün bunların əsası yoxdur. Hətta motor işlək vəziyyətdə olmasa, sürət qutusu neytral vəziyyətdə olsa belə radar sürəti müəyyən edə bilir".

E. Muradlı bildirib ki, avtomobil yüksək sürətlə gedirsə, radar onu aşkarlayır: "Mühərrikin işlək, yaxud sönülü olmasının dəxli yoxdur. Mobil rabitə deyil ki, sönülü vəziyyətdə olanda zəng çatmasın və yaxud onu müəyyənləşdirmək mümkün olmasın. Radar avtomobillə təmasda olmadan onun sürətini müəyyənləşdirir. Həttə qoşquda gedən avtomobilləri da radar çəkir, amma cərimə tətbiq etmirlər, çünki əgər qoşqudadırsa, deməli, dartan maşın qaydanı pozur. Radarın işi bundan ibarətdir - hərəkətdə olan nəqliyyat vasitəsinin sürətini ölçür. İndiki radarlar sürəti ultrabənövşəyi şüalar vasitəsi ilə müəyyən edir. Onu da qeyd edim ki, hərəkətdə olan avtomobilin söndürülməsi Rusiya istehsalı olan, sürət qutusu mexaniki olan maşınlarda mümkündür. Müasir, avtomat sürət qutusu olan maşınlarda mühərriki söndürdükdə sükan avtomatik qapanır. Mühərrik söndükdə sükan ağırlaşır və idarəetmədən çıxır. Bu isə dəhşətli qəza ilə nəticələnə bilər. Odur ki, heç kimə bunu yoxlamağı məsləhət görməzdim".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top