Xarici ölkələrə ən çox nə satmışıq? - SİYAHI

Bu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin birinci yarısında Rusiyaya ixrac 29,4 faiz, Türkiyəyə 25,3 faiz, Gürcüstana 8,5 faiz, İsveçrəyə 3,7 faiz və Çinə 40,6 faiz artıb. 2018-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon dollar) ikinci və elektrik enerjisi (54,6 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 6 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvətərəvəzin ixracı 20,3 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top