
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub.
ETSN-nin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.
Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.
Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən, qanunamüvafiq tədbirlər görüləcək.
Tətbiqimizi yükləyə bilərsiniz