
Son günlər Azərbaycanda qiymətlərin bahalaşması ilə bağlı müxtəlif məlumatlar yayılıb. Xüsusilə, bir çox kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşması diqqət çəkir. Qarpızın, xiyarın, yemişin qiymətlərinin bahalaşması da saytlarda xəbər olub. Halbuki əvvəlki illərin bu mövsümündə qiymətlər bahalaşmazdı. Bəs nə baş verir, ilin-günün bu vaxtı qarpızın 1 kiloqramının qiymətinin 50-60, yemişin qiymətinin 90 qəpik-1 manat olmasının səbəbi nədir?
Tanınmış iqtisadçı Akif Nəsirli Yeniavaz.com saytına açıqlamasında səbəbləri belə izah edib: “Əvvəlki illərlə müqayisədə Azərbaycanda bostan bitkiləri aşırı dərəcədə bahadır. Ötən illər bu vaxtlar Bakıda qarpızın 1 kiloqramının qiyməti 15-20, rayonlarda 5-10 qəpik olub. Birinci səbəb odur ki, bu il iyul ayının ilk yarısında havalar kəskin isti olduğundan qarpız sahələrində məhsuldarlığı aşağı salıb, tonlarla məhsul zay olub. Bəzi yerlərdə hektarlarla qarpız sahəsi məhsul yığılmadan zay olub.
İkincisi, bir sıra rayonlarda digər sahələrə təsir etdiyi kimi, pambıq əkini bostan bitkilərinə də birbaşa təsir eləyir. Bu gün hökumət pambığı strateji məhsul elan edib, rayonlarda bütün inzibati orqanlar ilk növbədə pambığın suvarılmasına diqqət ayırır. Deyirlər ki, pambıq suvarılsın, ondan sonra digər məsələlər həll olunar. Pambıq enliyarpaq bitki olduğuna görə suya tələbatı böyükdür, ən azı son aylarda bir neçə dəfə suvarılıb. Bu səbəbdən su qıtlığı ortaya çıxıb. Su qıtlığı da bostan bitkilərinin suvarılmasını arxa plana çəkir, bu da məhsuldarlığa təsir edib”.
Akif Nəsirlinin fikrincə, üçüncü səbəb isə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin tənzimlənməsi ilə dövlətin məşğul olmamasıdır: "Dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsullarının qiyməti tənzimlənir. Bunun üçün xüsusi vasitələr var. Dövlətin strukturu olmalıdır, onlar mövsüm başlamazdan əvvəl tarlalarda, sahələrdə, plantasiyalarda ölkə üçün vacib olan, yəni ölkə bazarında daha çox ehtiyac olacaq kənd təsərrüfatı məhsullarını müəyyən etməlidirlər. Ondan sonra müəyyən edilməlidir ki, bazara əlavə nə qədər məhsul cəlb etmək lazımdır və yaxud bazardan nə qədər izafi məhsul çıxarmaq lazımdır. Bunu ona görə edirlər ki, nə vətəndaşın cibinə ziyan olmasın, nə də fermerlər çaş-baş qalmasın. Fermer makroiqtisadi idarəetmə ilə məşğul olan alim deyil, sadə vətəndaşdır. Amma bizdə bunlar yoxdur deyə, fermer görür ki, bu il qarpız 60 qəpikdir, gələn il bütün sahələrdə qarpız əkir. Növbəti il qarpızın qiyməti olur 5 qəpik, fermer də ciddi ziyan edir, düşür əlhaya. Məsələn, keçən il sarımsağın 1 kiloqramının qiyməti 9-10 manat idi. Ona görə fermerlər başladılar sarımsaq əkməyə, indi isə qiyməti düşüb 80 qəpiyə. Bunlar tənzimlənməlidir, hökumət bununla məşğul olmalıdır.
Amerika, Avropa ölkələri, Kanada, İsrail, elə qonşuluğumuzda olan İranın bu sahə ilə bağlı çox maraqlı və uğurlu təcrübəsi var. Onların təcrübəsindən Azərbaycan hökuməti nə qədər ki, istifadə etməyib kənd təsərrüfatını inkişaf etdirə bilməyəcək".
Tətbiqimizi yükləyə bilərsiniz