Kainatdakı ulduzların sayı çoxdur, yoxsa yerdəki qumların sayı? - Alimlərdən yeni hesablama

"Səmadakı ulduzların sayı yerdəki qumların sayından çoxdur". Bu iddianı amerikalı astronom Carl Sagan hələ 1980-ci illərdə ən çox izlənən televiziya proqramlarından biri olan "Kosmos"da dilə gətirmişdi.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, dünyaca məşhur astronom professor Gerry Gilmore isə yaşadığımız Samanyolu qalaktikasında ulduzları saymaqla məşğuldur. Göy üzünün "xəritəsini" çıxaran astronom, illərdir "Gaia teleskopu" layihəsini gerçəkləşdirməyə çalışır. Onun öz komandası var.

Professor G. Gilmore BBC-ə açıqlamasında deyib: "Teleskopumuz vasitəsilə 2 milyard ulduz müəyyən etmişik. Bunlar Samanyolu qalaktikasındakı ulduzların sadəcə yüzdə birini təşkil edir. Bu hesablamaya görə, əgər 2 milyard ulduz mövcudun yüzdə birini təşkil edirsə, bizim qalaktikada 200 milyard ulduz ola bilər. Amma bu sadəcə tək bir qalaktikada olan ulduzlardır".

"Kainatdakı qalaktikaların hamısında neçə ulduzun olduğunu necə müəyyənləşdirə bilərsiniz?" sualına Gilmore belə cavab verib: "Samanyolu qalaktikası kainatdakı tipik qalaktikalardan biridir. Bir çox qalaktikada Samanyolundakı qədər ulduz var.

Kainatda nə qədər qalaktikanın olduğunu müəyyənləşdirə bilsək, onda ulduzların da sayını təqribi olaraq müəyyənləşdirə bilərik. Qalaktikaların sayını isə dünyanın necə genişlənməsinə dair nəzəriyyələrə əsasən təqribi olaraq hesablaya bilərik.

Daha sonra kainatdakı qalaktikaların sayı ilə ulduzların sayını bir-birinə vurmaq lazımdır. Nəticədə, sonu 22 sıfırdan ibarət fantastik bir rəqəm ortaya çıxır - 10 sekstilyon. Kainatda 10 sekstilyon ulduz var. Qavranmayacaq qədər böyük bir rəqəmdir".

Digər alim Gary Greenberg isə komandası ilə birgə dünyanın xəritəsinə əsasən, qumlu əraziləri müəyyənləşdirib, onların dərinliyini, hər metrəyə düşə biləcək qum dənələrinin sayını təqribi hesablayıb. Onun hesablamasına əsasən, dünyadakı qumsal ərazilərdə toplam olaraq qum dənəciklərinin sayı təqribən sonu 21 sıfırla bitən bir rəqəmdən ibarətdir, yəni 4 sekstilyon.

Bütün bu hesablamalar əsasında Carl Saganın 80-ci illərin sonunda dediyi "kainatda ulduzların sayı dünyadakı qumların sayından çoxdur" fikrinin doğru olduğu qənaətinə gəlinib.

Beləliklə, kainatda 10 000 000 000 000 000 000 000 ulduz, dünyadakı qumsallarda isə 4 000 000 000 000 000 000 000 qum var.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top