
İyulun 16-da Helsinkidə birgə keçirilmiş mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa hədiyyə verdiyi "Adidas" firmasının futbol topu çiplə təchiz edilib. Yeniavaz.com-un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "Telstar" topuna quraşdırılmış cihaz NFC texnologiyasını dəstəkləyir (təqribən 10 santimetr məsafədə məlumat mübadiləsi imkanını təmin edir) və "Adidas"ın eksklüziv kontentinə giriş əldə etməyə imkan verir: məhsul haqqında informasiyalar, futbolçuların iştirakı ilə video çarxlar, yarışlar və digər materiallar. Bununla da çip marketinq məqsədilə istifadə olunur. "Adidas" şirkəti Rusiya tərəfinin çipə müdaxilə etmə ehtimalını şərh etməyib. Digər tərəfdən çipin dəyişdirildiyinə və ya götürüldüyünə dair məlumat yoxdur. Kremlin saytındakı şəkillərə əsasən, V. Putin Amerika liderinə qırmızı-qara ləkəli top verib. Bu cür rəngli toplar "Telstar Meçta" toplarıdır və onlar Rusiyada dünya çempionatının pley-off mərhələsində istifadə olunub. FIFA-nın saytında yerləşdirilən press-relizə əsasən, "Meçta" topları NFC texnologiyası ilə təchiz olunub. Qeyd edək ki, D. Trampa verilən top digər hədiyyələr təhlükəsizlik baxımından yoxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz