Ailəsi bu gözdən əlili atıb Rusiyaya gedib: "Xahiş edirəm, məni Qocalar evinə qoyun"

Mingəçevir sakini, 57 yaşlı 1-ci qrup gözdən əlil Ziyabıl Həsənov Yeniavaz.com saytına müraciət edib. Z. Həsənov Qocalar evinə yerləşdirilməsi üçün köməklik edilməsini istəyib.

Ziyabıl deyib ki, 2011-ci ildə hər iki gözündən əlil olub. 8 ildir ki, dünya işığına həsrət Ziyabıl kişi ailəsinin onun bu vəziyyətdə atıb getdiyini deyib: "3 övlad atasıyam, kor olandan sonra həyat yoldaşım və 3 övladım məni atıb Rusiyaya gediblər. Əlil adamam, tək-tənha qalmışam. Qonşular arada gəlib dadıma yetirlər. Bu həyatdan bezmişəm, neçə dəfə özümə qəsd etmək istəmişəm. Sizdən xahiş edirəm, mənim Qocalar evinə yerləşdirilməyimə kömək edəsiniz. Nazirliyin Mingəçevir şöbəsinə müraciət etdim, amma onlar mənə dedilər ki, gərək 3-4 ay gözləyəsən. İndi siz deyin, hər iki gözü kor olan adam necə gözləsin? Qonşular olmasa, acından, susuzluqdan burada ölərəm. Artıq qonşuya da üz tutmağa üzüm gəlmir. Ar olsun mənim övladlarıma. Mən onlara pis baxmamışdım, bu vəziyyətimdə məni atıb gediblər. Xahiş edirəm, mənə kömək edin, heç olmasa ömrümün qalan hissəsini dövlətin qayğısında - Qocalar evində keçirim".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top