Erməni müğənninin Bakıya gəlməsi ilə bağlı iki nazirlikdən - ƏCAİB AÇIQLAMALAR

İyulun 26-dan 29-dək Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində keçiriləcək "Jara" Beynəlxalq Musiqi Festivalına erməni müğənni Zara Mqoyanın da qatılacağı ilə bağlı iddialar gündəmin ən çox müzakirə olunan mövzusudur.

Festival çərcivəsində paytaxta dəvət olunan iştirakçılar arasında erməni əsilli rusiyalı müğənni Zara da var idi, ancaq onun adı siyahıdan çıxarılıb. Lakin Zara Mqoyanın Bakıya gəlməyəcəyi rəsmən təsdiqlənmir, daha doğrusu, hələlik bu barədə rəsmi açıqlama yoxdur.

Bu məsələ ilə bağlı bir məqam da diqqət çəkir, nədənsə, bu mövzuda xəbər hazırlayan saytlar, qəzetlər aidiyyəti dövlət qurumlarının mövqeyini vermirlər.

Yeniavaz.com saytı olaraq çalışdıq ki, həm Xarici İşlər Nazirliyinin, həm də Mədəniyyət Nazirliyinin mövqeyini öyrənək. Ancaq hər iki nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərlərinin suallarımıza cavabı qane edici olmadı.

Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa gedən müğənniləri "arzuolunmaz şəxslər siyahısı"na daxil edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nədənsə, erməni müğənninin Bakıya festivala gəlişi ilə bağlı onda bilavasitə (?) məlumat olmadığını bildirdi.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov da geniş açıqlama vermədi.

Hər iki nazirlik rəsmisinin suallarımıza cavabını əlavə şərh vermədən təqdim edirik.

Əvvəlcə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cavablarına diqqət yetirək:

- Hikmət müəllim, erməni əsilli müğənni Zara Mqoyanın Bakıda keçiriləcək "Jara" Beynəlxalq Musiqi Festivalına qatılmasına Xarici İşlər Nazirliyinin mövqeyi necədir?

- Qeyd etdiyiniz məsələ ilə əlaqədar məndə bilavasitə məlumat yoxdur. Əlavə məlumat toplamağıma ehtiyac var. Bir qədər mədəniyyət müstəvisində olan məsələdir.

- Festivalın rəsmi saytında Azərbaycana gələcək qonaqların siyahısında Zara Mqoyanın adı olub.

- Ola bilsin. Ancaq məndə bu barədə məndə səhih məlumat yoxdur. Yəni bu bir az mədəniyyət müstəvisinə aid olan məsələdir.

- Axı bu məsələ hazırda ölkə gündəminin ən çox müzakirə olan mövzusudur, sosial şəbəkələrdə də diqqətlə izlənilir, müzakirə olunur.

- Ola bilər. Mədəniyyət müstəvisində olan məsələdir deyə, məndə məlumat olmaya bilər...

- Suallarımıza cavab almaq üçün sizə təkrar nə vaxt zəng vuraq?

- Bu məsələni bir qədər araşdıraq, amma mədəniyyət sahəsində olan təsisatlarımıza müraciət etməyinizi daha çox tövsiyə edərdim.

- Müəllim, sizdən öncə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovdan açıqlama almaq istədik, amma yeni heç nə demədi...

- Biz də çalışarıq, amma dediyim kimi, mədəniyyət müstəvisində olan məsələdir. Çalışaram ki, məsələ barədə mən də əlavə məlumat toplayım.

- Onda yarım saat sonra sizə təkrar zəng vuracağıq.

- Vaxt deməkdə bir az çətinlik çəkirəm. Ola bilsin əlavə vaxt lazım olar. Hər bir halda yenə əlaqə saxlayarıq...

Hikmət müəllimlə bu söhbətimizdən 1 saat sonra onunla əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmadı...

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov:

- İntiqam müəllim, "Jara" Beynəlxalq Musiqi Festivalı mədəniyyət tədbiridir, bura erməni müğənninin dəvət olunması ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək istəyirik.

- Mən indi kitabxanadan tədbirdən çıxmışam, yoldayam. Dünən bir sayta nazirlik tərəfindən mümkün olan, veriləsi fikir bildirmişəm, yazıblar.

- Bu mövzuda bizim də suallarımız var - daha konkret.

- Sual çox ola bilər ey, amma həmin mövzu ilə bağlı mənim deyiləsi yeni sözüm hələlik yoxdur. Ola bilsin bu gün, ola bilsin sabah başqa hansısa yazılı bir məlumat ola bilər. Veriləcək, ilkin fikri mən ora demişəm. Ondan götürüb istifadə edə bilərsiniz.

- Biz sizdən öz sualımıza cavab istəyirik.

- Bir daha deyirəm, ilkin olaraq mənim deyə biləcəyim fikirlər orada var, ancaq Nazirlik adından əlavə hansısa məlumat olarsa, onu biz yəqin ki, öz saytımıza yerləşdirərik.

Sonda İntiqam müəllimin israrla "başqa sayta açıqlama vermişəm" dediyi fikirləri təqdim edirik:

"Mədəniyyət Nazirliyi 2017-ci ildə mədəniyyət xadimlərinin, musiqiçilərin eyni zamanda turistlərin gəlişi baxımından o tədbirin beynəlxalq televiziya kanallarında təbliğinə və yayımına dəstək verib. Nazirlik digər məsələlərdə iştirak etməyib. Həmin məsələləri, yəni festivalın proqramını, yaradıcı heyətini təşkilatçılar özləri müəyyənləşdirir. Bu il də yenə "Jara" festivalı ilə anlaşmamız olub. Ancaq beynəlxalq televiziya kanallarında yayımlanmasına dəstək göstərəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top