Azərbaycana gələn ərəb turistlər niyə bu qədər pintidir? - Deputatdan açıqlama

Azərbaycana gələn ərəb turistlərin otel və restoranlarda natəmizlikləri ilə bağlı xəbərlərə saytlarda tez-tez rast gəlinir. Mövzu sosial şəbəkələrdə də müəyyən vaxtlarda qınaq obyekti olur, "Azərbaycana gələn ərəb turistlər niyə bu qədər pintidir?" sualı verilir.

Millət vəkili Fazil Mustafa Yeniavaz.com saytına açıqlamasında dedi ki, ərəb turistlərin hamısı barədə bu fikirdə olmağın əleyhinədir: "Azərbaycanda siz görmüsünüzmü 10 tələbə yığışıb desin ki, "bizdə təhsil səviyyəsi aşağıdır, daha yüksək təhsil almaq istəyirik?". Hamını qane edən bir təhsil sistemi var. Bayağı bir müğənnini dinləməyə minlərlə insan axın edir, tələbatları o müğənniyədir, yəni sənətə deyil. Eyni şey turist baxımından da belədir. Biz özümüz nə dərəcədə səliqəliyik ki, başqasının pintiliyini bu qədər qabardırıq? Pintiliklə bağlı o cəmiyyətlərdə danışılar ki, orada hər hansı bir şəkildə buna neqativ münasibət var. Bizdə hər yanı zibil basıb, məhəllələrə, evlərə gedib baxın. Adamlar zibili çox vaxt zibil qabının içinə atmırlar. Nəyisə tələb edəndə özünü də gərək nəzərə alasan. Çox təəssüf ki, bizdə bu yoxdur və ərəb turistlərə qarşı bu tələbi daha çox gündəmə gətiririk. Təbii ki, ərəb turistlər arasında pintisi də olacaq, avarası da olacaq, keyfiyyətsizi də olacaq. Ümumi ərəb olaraq hamısı ayrı-ayrı mədəniyyətlərin içindən gələn, dövlətlərdən gələn insanlardılar. Bunlar ölkənin turizm potensialı ilə bağlı olan məsələdir. Onların Azərbaycana gəlişi ilə müəyyən mənada ölkə iqtisadiyyatına vəsait gəlir. Açığı, ona görə də bu kimi məsələləri qabartmağın mənasını görmürəm. Çünki bütün hallarda turistin davranışı həm də hansı tələbin qoyulmasından asılıdır. Xaricdə ərəb turist gəlir və hansı oteldədisə, orada ona qaydalar izah olunur, bizdə qayda-filan izah olunmur. Hamı gözləyir ki, ərəb turist 5 manat pul verəcəksə..."

"Biz şərq ölkəsiyik, ancaq Azərbaycanda olan qeyri-əxlaqi davranışların xeyli hissəsini heç Fransada görmürsən. Fransada otellərdə, yaxud ictimai yerlərdə bu cür davranış müşahidə eləmirsən. Söhbət ondan gedir ki, biz özümüz nə dərəcədə hazırıq, təmizliyə meyilliyik ki, başqasından təmizlik umuruq. Ona görədə mənə elə gəlir bunu süni surətdə qabardırlar, göstərməyə çalışırlar ki, bu bir təhlükədir. Məsələyə daha qlobal - Azərbaycanın iqtisadi maraqları baxımından yanaşmaq lazımdır. Yazırlar ki, "ərəblər gəldilər və filan qızları dəvət etdilər filan yerə". Guya bu qızları Azərbaycanlılar dəvət eləmir? Onsuz da fahişəlik də var, əxlaqsızlıq da var, narkomaniya da var, başqa şeylər də var. Ərəb Azərbaycana gəlib bunu bir günə daha da artırdımı? Təbii ki, onların içində pintisi də var, ədəbsizi də var, amma bunu bu qədər qabartmaq nəyə lazımdır?"-deyə millət vəkili vurğulayıb.

Deputatın fikrincə, bu məsələlər nə qədər çox qabardılsa, ərəb turistlərin Azərbaycana gəlməmə riski də artır: "Bir gün görəcəksiniz ərəblər öz aralarında dedilər ki, Azərbaycana heç bir ərəb getməsin. Ondan sonra neyləyəcəksiniz? Bəzən bir şotland turist də elə hərəkət edir ki, hamı heyrətə gəlir, deyir bunu Avropadan gələn edib? Hə, nə olsun? Bir ingilis də elə hərəkət edər ki, çoxlarının xoşuna gəlməz. Yaxud Avropadan gələn bir millətin təmsilçisi şortiklə çıxar çılpaq şəkildə Bakıda gəzər. Qapananı da deyirik, açıq gəzəni də deyirik. Bunu problem olaraq gündəmdə saxlamaq doğru deyil. Azərbaycana gəlirlər, pul xərcləyirlər, iş həyatını müəyyən dərəcədə canlandırırlar, bunun xüsusi bir ziyanı yoxdur axı. Mən heç ərəbə rast gəlməmişəm Azərbaycanda. Ünsiyyətim yoxdur, müşahidə də eləmirəm onları. Sən demək özün axtarırsan, ərəblə ünsiyyət saxlayırsan ki, görüm nədir, onun davranışından nə tapacağam. Belə olmaz".

DİGƏR XƏBƏRLƏR

Top