Goranboyda piyadanı vurub qaçan sürücü Mingəçevir sakini imiş - TƏFƏRRÜAT

İyulun 20-də Goranboy rayonu ərazisində rayon sakini Ziyəddin Rüstəmovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Goranboy Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com saytına verilən məlumata görə, araşdırmalarla piyadanın axşam saatlarında rayonun Xanqərvənd kəndi ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Goranboy Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ 21103” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Mingəçevir şəhər sakini Kamal Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top