Əsəd separatçı liderlə görüşdü

Suriya Prezidenti Bəşər Əsəd və separatçı Cənubi Osetiyanın başçısı Anatoli Bibilov iki tərəf arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, imzalama mərasimi A. Bibilovun Dəməşqə səfəri çərçivəsində baş tutub.

Sənəddə qeyd edilir ki, o, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına qarşılıqlı təşəbbüslərdən çıxış edilərək hazırlanıb. Müqavilədə ayrıca bənddə yazılıb ki, razılığa gələn tərəflər sahibkarlıq, sərmayə və digər iqtisadi fəaliyyət üçün əlverişli iqtisadi, maliyyə və hüquqi şərtlərin yaradılmasına yardım edəcəklər.

A.Bibilov deyib ki, bu, Cənubi Osetiya xalqı üçün böyük əhəmiyyət kəsb edib: “Suriya Cənubi Osetiyanı tanımaqla demokratik dəyərlərini, beynəlxalq normalara sadiqliyini təsdiq etdi”. B. Əsəd isə bildirib ki, əlaqələrin və əməkdaşlığın qurulması hər iki tərəf üçün vacibdir: “Sizin səfəriniz münasibətlərin inkişafına təkan verəcək, bu gün imzalayacağımız müqavilə isə tam və müxtəlifyönümlü əməkdaşlıq üçün təməl olacaq”.

Xatırladaq ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” 2008-ci il avqustun 26-da tanıyıb. Moskvanın ardından Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu da analoji addım atıb.

DİGƏR XƏBƏRLƏR

Top