Mingəçevirdə müasir "əjdaha" peyda olub - Sakinlər şikayət edir

Mingəçevir şəhəri N. Nərimanov 36, 38, 40 ünvanında yaşayan bina sakinləri adından həmin binanın məhəllə komitəsinin sədri İspəndiyar Musayev Yeniavaz.com-a müraciət edib.

İspəndiyar Musayev bildirib ki, sözügedən binada hələ sovet dönəmindən keçmiş "Toxuculuq" kombinatının işçiləri yaşayıb: "Yaşadığımız bu binalarda 45-50 ildən çoxdur ki, (dam örtüklərindən başqa) heç bir təmir-bərpa işləri aparılmayıb: "Biz Mingəçevirdə yaşadığımızı hiss etmirik. Hələ sovetin vaxtından toxuculuq kominatda fəhlə işləyirdik. Elə onda da imkansız idik. Müstəqillik illərindən sonra bu binada bir dənə də olsun imkanlı qalmadı, hamısı buradan köçüb uzaqlaşdı. Nə binada, nə də həyətdə heç bir şəraitimiz yoxdur. Zirzəmilər çirkab sular içərisində batıb gedir. 45-50 ildir ki, həyətlərimiz asfaltlanmayıb. Olan qırıq-sökük asfaltı da "Azərsu" işçiləri su çəkəndə bərbad günə qoyub getdilər. Yayda toz-torpağın, qışda da palçığın əlindən küçələrimiz keçilməz olur. Artıq biz yaşlaşmışıq, heç o yaxşı günləri də görəsi deylik. 35 il kombinatda çalışmışam. İmkanım yoxdur ki, harasa gedib dincəlim. Düşdüyümüz bu həyətdir ki, bu da belə bərbad. Heç olmasa nəvələrimiz, övladlarımız bu çirkabda batmasınlar. Yaşlı adamam, həyətdə oturmağa bir sanballı skamya yoxdur. Ağaclar da susuzluqdan yanıb kül olub, hansını birini deyək? Deməklə qurtaran deyil. Özüm də məhəllə komitəsinin sədriyəm. Bu problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaqdan yorulmuşam. Artıq mətbuata üz tuturam, kömək edin bizə".

Digər sakinlərdən şəhid atası, ikinci qrup gözdən əlil Şadəddin Məmişov 1967-ci ildən bu binalarda yaşadığını deyir: "Şəhərdə ən kasıb və gözdən iraq düşmüş kvartal buradır. Dözülməz vəziyyətdə yaşayırıq. Ərazimiz 8 saylı MİS-ə baxır. Onların da elə bir imkanları yoxdur ki, bizə kömək etsinlər".

"Həyətimizdə su kranı ola-ola su-kanalizasiya idarəsi gəlib kranı bağlayıb ki, sudan istifadə edə bilməzsiniz. Ağacları suvara bilmirik. Hərə tərəf od tutub yanır. İnsafsızlıqdır",-deyə sakinlər bildiriblər.

Bu vacib məsələ ilə bağlı EKO-TES Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərova müraciət etdik.

"Apardığımız tədqiqatlara əsasən deyə bilərəm ki, Mingəçevir şəhəri salınanda onun su təhcizatı planlı şəkildə həyata keçirilib. Onu da deyim ki, 1947-ci ildə Mingəçevirdə su təhcizatı ilə bağlı işlərin çox hissəsini alman əsirləri görüblər. O vaxtkı iki alman mühəndisinin gördüyü işin hesabına əhali təmiz su içir. Mingəçevirdə içməli su təhcizatı şəhər sakinlərinin ən ümdə problemidir. Üstəlik, vaxtı ilə çəkilmiş texniki su xətti də ləğv edilib. Bu da sakinlər üçün əlavə problemlər yaradıb. Şəhərdə suvarmada və istehsalatda istifadə olunan texniki su da kəsilib. Mənim fikrimcə, Mingəçevirin təbiətinə, yaşıllıqlarına endirilən "Domokl" qılıncıdır. Bu yerdə 1959-cu ildə Mingəçevirdə çəkilmiş "Bir qalanın sirri" filmini xatırlamaq istərdim. Həmin film-nağılda xalqın əlindən suyunu almış amansız və qəddar hökmdara - Simnar xana qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır: camaat susuzluqdan əziyyət çəkir. Simnar xanın adamları isə şayiə yayırlar ki, guya suyun qarşısını əjdaha kəsib. İndi Mingəçevirdə sanki həmin vəziyyət yaranıb. Su anbarı başımızın üstündə olsa da, küçələrdəki, məhəllələrdəki ağacları sulamaq üçün su tapmaq mümkün deyil. Üstəlik, su kranlarına, sonradan yaradılmış xatirə bulaqlarına yaxınlaşmağınız əbəsdir. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bütün su qurğularını bağlayıb. Bu mənada sanki yeni, müasir əjdaha peyda olub. Belə getsə, yaşıllıq diyarı Mingəçevir səhraya çevrilə bilər. Hətta mən deyərdim ki, Boz dağın ətəyində salınmış və şəhəri kənd təssərüfatı məhsulları ilə təchiz edən fərdi bağçılıq təsərrüfatları da sıradan çıxacaq".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top