Bu da Tağı Əhmədovun yazdığı şeirlər: "Kimə deyim dərdimi mən?"

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun Tağı Sadiq imzası ilə şeir yazması bir çoxlarına məlumdur. Yeniavaz.com saytı xəbər verir ki, Tağı Əhmədov gənclik illərindən şeir yazır və bir neçə kitabın müəllifidir. Onun yazdığı şeirlərə çoxlu sayda musiqi bəstələnib, həmin mahnılar Azərbaycanın tanınmış müğənniləri tərəfindən ifa olunub.

Cəmiyyət tərəfindən həmişə açıqlamalarına xüsusi maraq göstərilən, sosial şəbəkələrdə müzakirə edilən Tağı Əhmədovun Tağı Sadiq imzası ilə yazdığı şeirlərindən bəzi seçmələri təqdim edirik.

***

Ulu dədəmiz Qorqudun
Qopuzunun nəğməsisən,
Ana Vətən, Ana Vətən!
Cavanşirin, Xətainin
Qollarının qüvvəsisən,
Ana Vətən, Ana Vətən!

Tarixlərin yaşıdısan,
Qobustanda qavaldaşın
Bizə çatan gur səsisən,
Ana Vətən, Ana Vətən!

...Qarabağda döyüşənlər
Koroğlular nəvəsidir.
Yağılara sinə gərən
Hayqırtısı, gur səsidir.
Keşiyində duranların
Qəlblərindən dilə gələn
"Yaşa Vətən!" kəlməsidir,
Ana Vətən, Ana Vətən!

***

Yenə Vətən düşdü yada,
Kimə deyim dərdimi mən?
Eşitmirəm heç bir səda,
Kimə deyim dərdimi mən?

Qohum-qardaş harda qaldı?
Tale bu yerlərə saldı.
Yar başında o nə şaldı,
Kimə deyim dərdimi mən?

***

Nə qədər axtarsan, bu tərəflərdə
Mən bəyənən bircə nəfər can olmaz.
Elə bir yerdi ki, bu viranədə
Azəri yoluyla heç ehsan olmaz.

Gəzib dolanıram mən neçə aydı,
Keçib iki bahar, ikinci yaydı.
Çöllü-biyabanlı bir yerə taydı,
Odur ki, axtarsan müsəlman olmaz.

Yoldaşları ya it olar, ya pişik,
Uzun saçlar olar həmişə kəsik.
Binadan qurmazlar nə ev, nə eşik,

Bu yerlərdə yaxşı bir insan olmaz.

***

Boğazdan yuxarı danışanlara
Dözmüşəm, sükutla cavab vermişəm.
Manqurt beyinlərə, taxta başlara
Cavab qaytarmayıb sinə gərmişəm.

Şənimə təriflər deyilən vaxtda
Güllər gətiriblər hey qucaq-qucaq.
Çoxunun sözünü bilmişəm saxta,
Hirsimi sükutum soyudub ancaq.

***

Sadiqim, yaz-yarat, qalsın yadigar,
Səndə var cəsarət, səndə var vüqar.
Qismətinə düşsün anlayan bir yar,
Ömrü hədər yerə itirmə, Sadiq!

DİGƏR XƏBƏRLƏR

Top