Nazpəri, yoxsa Komissiya yalan danışır?

Dünən xalq artisti Nazpəri Dostəliyevevanın instaqramda fəsləfə doktoru elmi adını alması barədə paylaşımı ölkə gündəmini zəbt edib.

Müğənni əvvəlcə, elmi dərəcəyə sahib olmasını sübuta yetirən sənəd paylaşsa da, tənqidlərdən sonra onu silib.

Müzakirələrə səbəb olan mövzu ilə bağlı Ali Attestasiya Komissiyası da açıqlama yayıb. Aparat rəhbəri Arif Quliyev bildirib ki, Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib.

Bu məqamda bildirək ki, paylaşımda sənədin nömrəsi, tarix, imza da qeyd olunub. Burada belə bir sual ortaya çıxır- N. Dostəliyeva necə belə saxta sənəd yaya bilərmi? Nazpərinin “Gülümsərovluq” etmək nəyinə lazım?

Ali Attestasiya Komissiyasının verdiyi açıqlamadan sonra bir çox qaranlıq məqamlar ortaya çıxır. Belə güman etmək olar ki, Komissiya mətbuatın verdiyi təpkidən sonra məsələni ört-basdır etməyə çalışır. Çünki belə bir yalan informasiyanı yaymaq xalq artistinə lazım deyil. Çünki Azərbaycanda N. Dostəliyevadan heç də yuxarı səviyyədə olmayan onlarla, yüzlərlə alim, professor var. Görünür ki, onun xalq artisti olmağına baxmayaraq bayağı, ciddi imic yaratmayan bir sənətçin olmasından irəli gəlir. Bu, Azərbaycanda elmin,alimin səviyyəsini göstərən bir amildir.

Ali Attestasiya Komissiyası bu məsələni dəqiq araşdırmağa və daha ciddi bir açıqlama yaymağa, xalq artisti isə detallı olaraq mövzudan danışmağa məcburdur.

Maraqlıdır, əgər xalq artisti yalan danışıbsa, onu qanunvericiliyə uyğun olaraq hansı cəza gözləyir?

Milli Məclisinin deputatı Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında saxta yolla elmi dərəcə alan şəxsləri sərt bir şəkildə qınayıb:

“Yalan informasiya yayanları heç bir cəza gözləmir. İnformasiyadır, ötürür, yüzlərlə insan məlumatı qəbul edir. Heç kim heç nəyin məsuliyyətini daşımır. Saxta din, akademik, professor, hacı, kərbalayi, xalq-əməkdar artistləri olanlara nə olar ki, fəlsəfə doktoruna da nəsə olsun? Dəyada bir damladır. Bütün cəmiyyəti bürüyən bir məsələdir. Bunun ümumi alışqanlığını ortadan qaldırmaq lazımdır. Anlamalıdırlar ki, kimsə saxta metodlarla özünə uduş qazandıra bilməz. Hər kəs təbii, özünə aid olan, layiq olduğu atı götürməlidir. Məsələn, xalq artistinən böyük bir ad yoxdur. Amma gedib professor olmaq istəyir. Başa düşürük, Üzeyir Hacıbəyov, Bülbül professor ola bilər. Onlar savadlı insanlar idi. İki-üç kəlmə danışa bilməyən insan deyir ki, mütləq elmi adım olmalıdır. Elmi dərəcə diplomunu evində gəzdirən minlərlə insan var ki, auditoriya qarşısında 3 cümlə qoşub danışa bilmir. Ona görə də, saxtakarlığı Azərbaycan cəmiyyətində ortadan qaldırmaq lazımdır. Elmi, dini adların ən çox istismar olduğu yer Azərbaycandır. Layiq olmayan, cümlə yaza bilməyən adamlar professor olursa, sonu hara gedib çıxacaq?

İkinci diplomlu şəxslər Azərbaycanı bürüyüb. Ortaya çıxacaq alimlərimiz 2-3 nəfərdir. Elə mühit yaratmalıyıq ki, kimsə özünü bu adlarla təqdim edəndə utansınlar. Amma Azərbaycanda utanan yoxdur. Təbii ki, öz savadı, haqqı ilə alanları nəzərdə tutmuram. Düşünüblər ki, 5 nəfər elmi ad alıbsa, mən də alım, cəmiyyətdə nə əksiləcək!”.

Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti Mənsum İbrahimov bildirib ki, Nazpəri Dostəliyeva bu mövzuda yalan danışmaz:

“Bu, dövlətin insanlara verdiyi bir haqdır. Əvvəlcə, dosent, daha sonra professor olmuşam. Bunların hər ikisini də Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub və mənə diplom verilib. Mənim həm dosent, həm də professor diplomum var. Təkcə mənim yox, Alim Qasımov, Arif Babayev, Səkinə İsmayilova kimi sənətkarların elmi vəzifələri var. Halal qazandığımız, yaradıcı insanların qarşısında gördüyümüz məsələlərdir. Biz saxta üsulla elmi ad almamışıq. Nazpəri Dostəliyeva isə Azərbaycanın görkəmli, fəxri adı olan bir sənətkardır. İnanmıram ki, o, yalan məlumat yaysın! Nazpəri Dostəliyevanın buna ehtiyacı var? Onun hər şeyi var, belə addım atmağına inanmıram”.

Professor, xalq artisti Arif Babayev isə saxta diplom mövzusunda danışmaqdan imtina edib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top