İki gün öncə xaricdə universitet bitirib Bakıya qayıdan gənc DƏNİZDƏ BOĞULDU

Dünən Bakıda - Bilgəh çimərliyində dənizdə boğularaq dünyasını dəyişən gənc xaricdə təhsilini başa vuraraq 2 gün öncə Azərbaycana qayıdıbmış. Yeniavaz.com saytının əldə etdiyi məlumata görə, mərhum Nicat İbrahimov Latviyanın Riqa şəhərində ali təhsil alırmış və universiteti bitirib diplom aldıqdan sonra Azərbaycana dönübmüş. Nicat İbrahimovla yanaşı, onun dostu da Bilgəh çimərliyində boğularaq dünyasını dəyişib.

Tanınmış jurnalist Anar Rəsul isə baş verən hadisə ilə bağlı bunları bildirib: "Bu gün eşitdiyim bir xəbərdən çox üzüldüm. Keçmiş iş yoldaşımın övladı dənizdə boğularaq dünyasını dəyişib. Onu Avropada oxutmaq, hər ay cibxərcliyi, təhsil haqqı ödəmək üçün min bir zəhmət çəkmişdi. Bütün bunlara bir iş yoldaşı kimi mən də şahid olmuşdum. Nəhayət sevinmişdi ki, srağagün övladı diplomunu alaraq Vətənə qayıdıb. Qayıtdıqdan bir gün sonra övladı dənizdə boğularaq dünyasını dəyişdi".

"Deməyə heç bir söz tapmıram. Bu qədər zamanı xaricdə yaşayasan, təhsilini başa vurub ailənin yanına qayıdasan və cəmi bir gün sonra həyata vida edəsən. Allah kimsəyə övlad acısı verməsin, beləsini isə heç düşmənə də arzulamıram. Allah rəhmət eləsin",-deyə A. Rəsul vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top