"Xoşqədəmi, Zauru axtarıram" - 2 aylıq körpəsi ilə gecələr parkda yatan ana - FOTOLAR

Mingəçevir sakinləri Yeniavaz.com saytına müraciət edərək, şəhərin "Dostluq parkı"nda bir ailə yaşadığını bildiriblər. Onlar ailənin bomj həyatı sürdüyünü deyiblər.

Onların hansı səbəbdən parkda yaşamalarını öyrənmək məqsədi ilə əraziyə yollandıq.

Məlum oldu ki, 38 yaşlı Əsədova Aidə Əli qızı 3 uşaq anasıdır.

Dediyinə görə, 2 azyaşlı qızı hazırda uşaq evindədir. Özü isə yeni doğulan, 2 ayı tamam olmayan Yasin adlı uşağı ilə "Dostluq parkı"nda skamyaların üstündə gecələyir: "Yetim qız olmuşam. Həyat yoldaşım Məhəmmədlə tanış olanda elə bildim ki, normal ailəm olacaq. Onun da ailəsi bomj həyatı yaşayırdı. Bir müddət onların balaca komalarında yaşadıq, lakin qayınanam ölüm ayağında oranı satıb bizi çöllərə atdı. İki qızıma baxa bilmədiyim üçün uşaq evinə yerləşdirdilər. İndi burada bizə küçədən keçən insanlar kömək edirlər. Parka gələnlər bizə çörək, uşağa süd və s. ərzaq verirlər. Qış gələndə vəziyyətimiz necə olacaq bilmirəm. Sığınacaq üçün yer istəyirəm. Savadsız qadınam, dəfələrlə cəhd etmişəm ki, Zaurun və Xoşqədəmin verilişinə çıxım, bizə kömək etsinlər. Amma alınmayıb. Həyat yoldaşım iş olanda işləyir. Xahiş edirəm, bizə yaşamaq üçün sığınacaq versinlər".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top