“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mingəçevirdə

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Mingəçevirdə davam edib. Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, layihənin məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
Qeyd edək ki, “100 illik tariximiz” başlığı altında gerçəkləşən festivalın növbəti tədbiri Mingəçevirdə Sahil Parkında təşkil olunub. Sahil Parkında Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb.
Qeyd edib ki, layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaradır.
Festivalda hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər.Tədbirə dəvət olunan şəhər sakinləri ,qonaqlar sərgidə nümayiş olunan həmin bölgələrin tarixi və müasir inkişafını əks etdirən sənət nümunələri ilə yaxından tanış olublar. Tədbirdə regional idarələrin incəsənət ustalarının konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı nazirliyin 15 regional idarəsinin hər birində təşkil olunacaq. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top