Metropoliten: Yolun çökməsi meto tikintisilə bağlı deyil

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş verən çökmə meto tikintisilə bağlı deyil. Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, metropoliten əməkdaşları ərazidə olub: “Dərhal əməkdaşlarımız hadisə yerində olub. Çökmənin metro tikintisilə bağlı olmadığı müəyyənləşib”. B.Məmmədov çökmənin metro tikintisilə əlaqələndirilməsinin qəribə göründüyünü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bir az əvvəl çökmə barədə məlumat verərkən ilkin səbəb kimi metro tikintisini göstərib.

O bildirib ki, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub: “İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir.

Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

DİGƏR XƏBƏRLƏR

Top