İxracda xam neft, təbii qaz və neft məhsullarının payı 85%-dən 90%-ə yüksəlib

Əvvəlki aylarda olduğu kimi bu ilin yanvar-iyun aylarında da Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 6 milyard 945,4 milyon dollar dəyərində 13,5 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 80,2%-ni təşkil edib. Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 81% və ya 3,1 milyard dollar, miqdar ifadəsində isə 43,8% və ya 4,2 milyard dollar artıb. Onu da bildirək ki, ötən ilin eyni dövründə xam neftin ümumi ixracdakı payı 72,8% olub.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 570,3 milyon dollar təşkil edib. Təbii qazın ümumi ixracdakı payı 6,58% olub.

Neft məhsullarının ixracı 282,8 milyon dollar təşkil edib və ümumi ixracın 3,26%-nə bərabər olub.

Ötən ilin ilk yarısında ixrac olunan xam neft, təbii qaz və neft məhsullarının ümumi ixracdakı payı 85,6% olduğu halda, bu ilin ilk yarısında 90%-ə yüksəlib.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2018-ci ilin ilk 6 ayı ərzində xarici ölkələrə 276,7 milyon dollar dəyərində meyvə-tərəvəz, 69,7 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 71,8 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 37,8 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 12,4 milyon dollarlıq şəkər, 30,7 milyon dollarlıq kimya sinayesi məhsulları, 54,6 milyon dollarlıq elektrik enerjisi, 9,9 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, ötən ildən etibarən pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 6 ayı ərzində xarici ölkələrə 28,7 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top