Mingəçevirdə hesabat yığıncağı keçirilib

Mingəçevir şəhərinin 2018-ci ilin 6 ayında sosial-iqtisadi inkişafının təhlili və ilin ikinci yarısında qarşıda duran vəzifələri barədə hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında bir çox həllini gözləyən məsələlərə aydınlıq gətirilib.

Yeniavaz.com xəbər verir ki, yığıncağı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd etmişdir ki, 2018-ci ilin iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

İcra başçısı vurğulayıb ki, dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, əvvəlki illərdə aparılmış və bu il də aparılan islahatlar gözəl nəticələr verir: "Sevindirici haldır ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin inkişafına da öz müsbət təsirini göstərməkdə davam edir. Təhlil göstərir ki, 6 ayın yekunu üzrə şəhər iqtisadiyyatı bütün əsas istiqamətlərdə müsbət göstəricilərə nail olunmuşdur. Regionların inkişafına göstərilən dövlət qayğısı şəhərimizdə aparılan abadlıq və quruculuq işlərində öz uğurlu nəticələrini göstərir”.

Hesabat dövründə şəhərin sosial-iqtisadi inkişafının təhlili və ilin ikinci yarsında qarşıda duran vəzifələr barədə başçının birinci müavini İlham İsmayılov geniş məlumat verib. Daha sonra şəhərin idarə müəssisə rəhbərləri hesabat xarakterli çıxışlar ediblər. Bütün çıxışları dinləyən başçı sonda bildirib ki, İlham müəllim ilin birinci yarısının təhlilində göstərdi ki, şəhərimizdə iqtisadiyyatın dirçəlməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, kommunal sahələrdə yaranan problemlərin ardıcıl şəkildə həlli və digər sahələrdə aparılan işlər uğurla davam edir: “Hesab edirik ki, bugünkü müzakirə ilin ikinci yarısında da uğurla fəaliyyət göstərməyimizə imkan yaradacaqdır. Amma əldə olunan uğurlarla yanaşı hələ də həllini tapmayan məsələlər var. Hələ sovetlər birliyindən əhaliyə bağ üçün istifadəyə verilmiş pay torpaqlarında tikilən qanunsuz tikililər bizi çox narahat edir. Bu torpaqlar əhaliyə bağ üçün verilib. Lakin əhali özü üçün şəhərin memarlıq üslubuna uyğun olmayan tikililər apararaq bu sahədə bir çox problemlər yaradıblar. Şəhərimiz turizm şəhəridir lakin şəhərin Sahil parkında oturacaqlar, zibil qabları azlıq təşkil edir. Gecə saatlarında Kür çayında sərxoş insanların gəmi vasitəsi ilə gəzintisi daha çox narahatlıq yaradır. Çünki bu gəmi sürənlərin bəzilərinin sürücülük vəsiqələri də yoxlanılmır. Şəhərdə fəaliyyət göstərən FHN niyə nəzarət etmir? Bunlar ciddi narahatlıq doğuran amillərdir”.

Daha sonra İcra başçısı şəhərin Ekologiya rəhbərliyinə də işində ciddi nöqsanlar olduğu üçün iradını bildirdi. Niyazi Bayramov bu və ya digər problem yaradan sahələrin aradan qaldırılmasının vacibliyini vurğuladı.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top