Gəncə şəhərində baş verən hadisə Mingəçevir sakinlərini çox hiddətləndirib. Mingəçevir sakinləri bu məqsədyönlü terror hadisəsini pisləyir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çəhd edən bir qrup araqarışdıran şəxsləri lənətləyir.
Yeniavaz.com-un xəbərinə görə, şəhər sakinləri bildiri ki, bu cür hadisələr yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə də təsir edir. Şəhər sakinləri çox narahat olduqlarını dilə gətiriblər: “Gül kimi azad, sabit ölkədə sakit yaşayırıq. Heç kimin haqqı yoxdur ki, bizim sabitliyimizi pozsunlar. Asayış keşikçilərinin sayəsində gecə-gündüz rahat yaşayırıq. Dünənki hadisədə iki nəfər polis polkovnikinə əl qaldıran caninin əlləri kəsilsin. Onlar başa düşsünlər ki, Azərbaycanda məkirli planlarını həyata keçirmək o qədər də asan deyil. Bizim güclü dövlətimiz var və onun güclü lideri var. Biz şəhər ağsaqqalları, ağbircəkləri rəva bilmərik ki, gənclərimiz bu cür iyrənc hadisələrdə iştirak etsinlər. Azərbaycan xalqının iradəsi möhkəmdir və biz dövlətimizin, prezidentimizin arxasındayıq. Bu gün güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Əminik ki, günahkarlar cəzalandırılacaq, polislərimizə qalxan əllər qırılacaq”.
Şəhər ağsaqqalı Baba Əliyev deyir ki, xalqımız bir daha gördü ki, Azərbaycan polisi öz canı bahasına olsa belə, dövlət və millət qarşısında şərəfli vəzifəsini yerinə yetirməyə hazırdır: "Biz bilirik ki, bizim təhlükəsizliymizi və asayişinin qorunmasını təmin edən hüquq mühafizə orqanları var. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün bizim də bir azərbaycanlı kimi tələbimiz və istəyimiz ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar”.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz