Maliyyə Nazirliyi: Büdcə gəlirlərinin 65 faizə yaxını neft sektorundan daxil olub

Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 4 milyard 562,9 milyon manat, xərcləri 4 milyard 408 milyon manat olub və 154,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Yeniavaz.com Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, birinci rübdə dövlət büdcəsinin gəlirləri 4 milyard 428,5 milyon manat proqnoza qarşı 4 milyard 562,9 milyon manat və yaxud 134,4 milyon manat (3 faiz) çox olub.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 436,5 milyon manat vəsait daxil olubdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon manat və ya 1,1 faiz çoxdur.
Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 milyon manat vəsait təmin edilibdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 milyon manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 21,2 milyon manat vəsait daxil olubdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz və yaxud 8,8 milyon manat çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 299 milyon manat vəsait transfert edilib.

Bu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 8,8 faiz çox və yaxud 4 milyard 408 milyon manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40 faizi və ya 1 milyard 761,3 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilibdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 milyon manat çoxdur.
2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2 milyard 299,1 milyon manatı və ya 52,2 faizi cari xərclərə, 1 milyard 627,2 milyon manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 milyon manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 milyon manat vəsait yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top