Azərbaycanın valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir

"İlin əvvəlindən valyuta ehtiyatları artıb və bu gün ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək".

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir

Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacağıq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaq. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir", - deyə Prezident əlavə edib.

Bu ilin I yarısında Azərbaycanda ÜDM 1,3 faiz artıb

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin altı ay ərzində Azərbaycanda ümumi daxili məhsul 1,3 faiz artıb: "Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artıb. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında artım 7,6 faiz təşkil edib:

"Kənd təsərrüfatı 7,6 faiz artıb. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artıb. 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top