İslandiya millisinin qapıçısı “Qarabağ”da

2018/2019-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” bu dəfə qapı xəttini gücləndirib.

Yeniavaz.com-un klubun rəsmi saytına istinadən xəbər verir ki, İslandiya yığmasının qapıçısı Tor Hannsen Haldorssonla iki illik müqavilə bağlanılıb. Haldorsson hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub. O, tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkib.

Yeni transfer karyerasına 2009-cu ildə İslandiyanın “Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq, Danimarka “Randers”ində çıxış edib və bu klubda 69 matçda forma geyinib.

Haldorsson 2012-ci ildən İslandiya milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. O, 2016-ci il Avropa çempionatının final mərhələsində komandasının keçirdiyi 5 oyunun hamısında "çərçivə"ni qoruyub. Hazırda Rusiyada davam edən dünya çempionatında isə təcrübəli qolkiper qrup mərhələsinin hər 3 oyununda meydanda olub. O, Argentina yığmasının kapitanı Lionel Messinin penalti zərbəsini dəf etməklə diqqət mərkəzinə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top