
"Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisinin 100 illik yubileyi Mingəçevir şəhərində də qeyd edildi. Yeniavaz.com xəbər verir ki, asayiş keşikçiləri əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Cavid Muradov təqvimin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanının yaradıldığını qeyd edib və Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirib. Daha sonra ölkəmizdə 2 iyulun Azərbaycan Polisi Günü kimi qeyd olunmasının isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rəis 1998-ci il 24 may tarixli fərmanı ilə bu günün Azərbaycan Polisi Günü kimi qeyd edildiyini nəzərə çatdırıb. Polis polkovniki Cavid Muradov Daxili İşlər Naziri polis-general polkovniki cənab Ramil Usubovun polisin peşə bayramı münasibəti ilə təbriklərini və xoş arzularını diqqətə çatdırıb. Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov,şəhər prokuroru Azad Qarayev,polis əməkdaşları,polis veteranları polisin yaranmasının 100 illik yubleyi münasibəti ilə dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər. Polis veteranları gənc polislərə öz tövsiyələrini veriblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sərəncamı ilə xidmətdə fərqlənən 5 nəfər 100 illik yubleyi münasibəti ilə fəxri fərmanla təltif olunub. Şəhər polis şöbəsi tərəfindən 31 nəfər polis əməkdaşına pul mükafatı təqdim olunub. 2 nəfər polisə baş serjant rütbəsi,2 nəfər polisin isə cəzası vaxtından əvvəl götürülüb. Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz