1,7 milyard manat kredit vaxtında geri qaytarılmayıb

Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 11 milyard 945,5 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 19,2% və ya 2 milyard 848,5 milyon manat azalıb.

Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin ümumi kreditlərdəki payı artıb. Belə ki, ötən ilin iyun ayının əvvəlində problemli kreditlər ümumi kreditlərin 11,8%-i həddində olduğu halda, bu ilin iyun ayının əvvəlində bu göstərici 14,3%-ə yüksəlib.

Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayının əvvəlinə problemli kreditlərin həcmi 29 milyon manat və ya 1,6% azalaraq 1 milyard 710,8 milyon manata düşüb.

Onu da bildirək ki, son 5 ay ərzində, yəni ilin əvvəlindən ötən dövr ərzində problemli kreditlərin həcmi artıb. Belə ki, yanvar ayının əvvəlində vaxtında geri qaytarılmayan kreditlərin həcmi 1 milyon 695,9 milyon manat olub.

Qeyd edək ki, bu ilin yanvar ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,5% paya malik olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 331,6 milyon manatlıq kreditlərin 833,1 milyon manatı, xarici valyutada verilən 4 milyard 613,9 milyon manatlıq kreditlərin isə 877,7 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top