Bakıda ev alan əcnəbi evinə telefon çəkdirə bilmir

Gürcüstan vətəndaşı, işi ilə əlaqədar tez-tez Azərbaycana gəlib-gedən Novruzov Kərim Sıracəddin oğlu Bakıda aldığı evə telefon çəkdirə bilmir. Bu barədə Yeniavaz.com saytına müraciətində şikayətçi özü məlumat verib.

Dediyinə görə, "Melissa Park"da yaşayış kompleksində yerləşən evində əvvəllər telefon olub, lakin abunə haqqının ödənməsi gecikdiyindən xətti kəsilib: "Ev nömrəmiz 012 530 71 24 idi, abunə haqqının ödənişi gecikmişdi deyə, xətti tamamilə kəsdilər. Deyirlər ki, evinizə yenidən telefon xətti çəkilməlidir. Müqavilə bağlanması üçün əcnəbilərə verilən miqrasiya kartını istəyirlər. Miqrasiya kartı üçün isə çoxlu sayda sənəd tələb olunur. Evə telefon çəkilməsi üçün bu qədər şərt qoyulması nə dərəcədə doğrudur? Mən işimlə əlaqədar tez-tez gedib-gəlirəm, üstəlik, vaxt problemim var".

Kərim Novruzov bir maraqlı məqama da toxunub: "Əcnəbilərə verilən miqrasiya kartını almaq üçün tələb olunan sənədlər siyahısında belə bir məqam var. Deyirlər ki, bu kartı almaq üçün tələb olunan tibbi arayışı məhz "İnternational Medical Centre"dən (Aşıq Molla cümə küçəsində yerləşir) alıb gətirməlisən. Niyə məhz oradan? Niyə məhz elə bahalı bir yerdən? Səbəb nədir?

Bundan əlavə, tələb edirlər ki, evini "Real Prays" MMC-də qiymətləndirməlisən. Evi "ASAN Xidmət" qiymətləndirir, niyə göndərirlər ki, get özəl şirkətdə qiymətləndir? "ASAN xidmət"də fakt bu xidmət var, miqrasiya ilə bağlı da xidmətlər göstərilir. Evini məhz "Real Prays" MMC-də qiymətləndirməlisən tələbinin səbəbi nədir?

Xarici vətəndaş Bakıda ev ala bilər, amma evə telefon çəkdirmək baş ağrısıdır. Vətəndaş evinə telefon çəkdirmək üçün bu qədər əziyyət çəkməli deyil axı. Evin sənədini və şəxsiyyət vəsiqəni aparmalısan və evinə telefon çəkilməlidir. Mənə deyirlər ki, evinin qiymətləndirmə sənədini gətir, özü də filan yerdə qiymətləndir. Həmin yerə də zəng vururam 200 manat istəyirlər. Bəs "ASAN xidmət"də bu ola-ola vətəndaş niyə gedib qiymətləndirmə sənədini oradan almalıdır? Yaxud sağlamlıq kağınızı almaq üçün niyə sırf həmin bahalı klinikaya göndərirlər, başqa yerdə yoxdur? Xahiş edirəm, bu məsələni ictimailəşdirin, qoy Dövlət Miqrasiya Xidmətinin yeni rəhbərliyi bu məsələlər barədə tədbir görsün".

DİGƏR XƏBƏRLƏR

Top