
Dövlət başçıların 98%-nin yaşı 40-dan çoxdur. Yeniavaz.com BBC tərəfindən hazırlanan və dünyanın 195 liderinin yaşı, təhsili və hakimiyyəti barədə məlumatların yer aldığı informasiya bankına istinadən bildirir ki, əksər liderlər 50 və 70 yaş arasındadırlar. Dünya lideri üçün orta yaş 62-dir. Orta Şərq və Afrika ölkələrində liderlər adətən yaşlı olurlar, Avropada isə daha gəncdirlər. Dünyanın 10 ən gənc liderindən səkkizi avropalıdır. Avropa liderləri orta hesabla Afrikadakılardan 10 yaş cavandırlar. Ən gənc dövlət başçısı isə 36 yaşlı Kim Çen İn hesab olunur.
Roma Papasının ilk təhsili kimya olub
Dünya liderlərinin 80 faizi əsas etibarilə biznes, iqtisad və hüquq ixtisasları üzrə universitet təhsili alıb. On səkkiz dünya lideri hansısa şəkildə hərbi təhsil alıb. Onlardan dördü Birləşmiş Krallıqda "Sandhurst" Kral Hərbi Akademiyasının müdavimi olublar.
Dünya liderləri arasında yalnız Cənubi Afrika prezidenti Jacob Zumanın təhsili yoxdur. Lakin heç bir rəsmi təhsili olmaması Jacob Zumaya Cənubi Afrika prezidenti olmaqda mane olmayıb.
ABŞ dünyanın hazırkı liderlərinin 16 faizinə təhsil verib. İndi bu liderlər Monqolustan, Maldiv adaları və Mikroneziya kimi ölkələrə başçılıq edirlər.
İkinci yeri tutan İngiltərə hazırkı liderlərin 10 faizi üçün təhsil yeri seçimi olub.
Üçüncü yeri tutan Fransa dünya liderlərinin 8 faizinə təhsil verib. Bunlar xüsusilə də fransızdilli Qərbi Afrika ölkələrinin liderləridirlər və bu səbəbdən də təhsil almaq üçün Fransanı seçiblər.
ABŞ-dakı elitar Harvard Universiteti 6 dünya liderinə təhsil verib və bu sahədə bütün qalan təhsil ocaqlarından yüksəkdə dayanır. Bu liderlərdən dördü hökumət məktəbi kurslarının müdavimi olub.
Oxford kollecləri Avstraliya və İordaniyanın liderlərinə təhsil verib. Birləşmiş Krallığın baş naziri Theresa May də orda oxuyub. Lakin Manchester Universitetinin məzunları Mozambik, Antiqua, Sent Vinsent və İraqa rəhbərlik edirlər.
Roma Papası Francis dünyada ən böyük dinlərdən birinin rəhbəridir, lakin onun ilk təhsili kimya olub. O kimya laborantı ixtisası alıb.
Qeyd etdiyimiz kimi, dünya liderlərindən 1-nin rəsmi təhsili yoxdur. Digər dünya liderlərindən 2-si ibtidai, 11-i orta, 18-i hərbi, 55-i bakalavr, 66-sı master, 30-u doktorluq səviyyəsində təhsilə sahibdirlər.
Sultan Qabus Bin Səid Əl Səid - ən uzun müddət hakimiyyətdə olan dünya lideridir
Orta hesabla hazırkı dünya liderləri hakimiyyətdə yeddi il qalıb. Omanda Sultan Qabus Bin Səid Əl Səid hazırda ən uzun müddət hakimiyyətdə olan dünya lideridir. O, 46 ildir ki, hakimiyyətdədir. Ona yaxın gələn liderin sayı demək olar ki, yoxdur - amma Afrikada doqquz lider 20 ildən çoxdur ki, hakimiyyətdədir.
Avropada liderlərin orta hakimiyyət müddəti 4 ildir. Şimali və Cənubi Amerikada da liderlərin orta hakimiyyət müddəti Avropada olduğu kimi 4 ilə bərabərdir. Asiya-Sakit Okean ölkələrində bu göstərici 5, Afrika ölkələrində 10, Yaxın Şərq ölkələrində 10, Avrasiya ölkələrində isə 11 il təşkli edir.
Tətbiqimizi yükləyə bilərsiniz