Bakıda şəhid qəbirləri niyə dağılıb? - FOTOLAR - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə dağılmış əfqan şəhidlərinin qəbirlərinin görüntüləri yayılıb. İddia edilir ki, bu məzarlar bilərəkdən, kimlərsə tərəfindən dağıdılıb. Məlum olub ki, məzarlığın ən yüksək nöqtəsində yerləşən 7 əfqan şəhidinin qəbirlərinin başdaşı aşmış vəziyyətdədir. Onlar 90-cı illərin əvvəllərində Azərbaycana gələrək Qarabağ müharibəsində döyüşərək şəhid olublar.

Qəbiristanlığın rəhbəri İsamil İsayev bildirib ki, əfqanların başdaşıları 4-5 ildir ki, bu vəziyyətdədir: “O vaxt güclü külək olanda 3 qəbirin başdaşı aşıb sındı. Elə həmin vaxt da onların ictimai birliyinin üzvləri gəlib qalan 4 daşı yerə qoydular ki, aşıb sınmasın. O vaxtdan da belə qalıb. Bu məsələ son günlər gündəmə gələndən sonra polisdən və icradan gəlib baxdılar. Sonra dedilər ki, ictimai birliyin üzvləri harasa müraciət ediblər, pul ayrılacaq. Yaxın günlərdə qəbirlərin üstü və başdaşılar yenidən təmir olunacaq. Amma bizə dəqiq vaxt deyilməyib”.

Qəbiristanlıq ərazisində işləyən şəxslərlə söhbətimiz zamanı bəlli oldu ki, həmin qəbirləri axırıncı dəfə 2008-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti təmir etdirib. Meriyanın Əhaliyə Vətəndaşlıq Trestinin müdiri Cavanşir Tağıyev başdaşılarını qoydurub. Lakin həmin zaman ustalar başdaşının altında bərkidici dəmir şit yerləşdirməyib və mərmərdən olan bir neçə yüz kiloluq daşlar az miqdarda yapışdırıcı ilə yerə bərkidilib. Həmin ərazi də yüksəkdə yerləşdiyi üçün güclü küləyə tab gətirməyib.

Qeyd edək ki, qəbiristanlıq ərazisi 62 hektardır, onun bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, digər hissəsi isə Abşeron rayon İcra Hakimiyyətinə məxsusdur. Əfqan şəhidlərinin qəbirlərindən 5-i meriyanın, 2-si isə Abşeronun ərazisindədir. (Qafqazinfo)





Qəbirlər

DİGƏR XƏBƏRLƏR

Top