Putin, Maduro, Orteqa, Əsəd... separatçı bölgəyə dəvət aldı

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi Rusiya tərəfindən “müstəqilliyinin” tanınmasının 10 illiyi münasibətilə yubiley tədbirləri keçirməyə hazırlaşır. Və bu tədbirə Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev, habelə Cənubi Osetiya “respublikasını” tanıyan Venesuelanın prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa, Suriya diktatoru Bəşər Əsəd Sxinvaliyə dəvət olunublar. Habelə separatçı Cənubi Osetiya rejimi digər qondarma “respublikaların”-Dnestryanı bölgənin, Abxaziyanın və Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərini də həmin tədbirə dəvət edib. Bundan başqa Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”nın rəhbərləri də dəvətlidir.

Lakin hələlik tədbirə BMT üzvü olan dövlətlərdən hansının nümayəndə heyəti göndərəcəyi məlum deyil. Rusiya Cənubi Osetiyanı və Abxaziyanı 2008-ci il avqustun 26-da tanıyıb.

Bu günlərdə qondarma Abxaziya “respublikası” özünün “xarici işlər nazirliyinin” yaradılmasının yubileyini qeyd etmişdi və həmin mərasimdə Rusiya XİN-in yüksək vəzifəli diplomatı qondarma “dqr xarici işlər nazirliyinin” nümayəndəsi ilə bir masa arxasında oturmuşdu. Rəsmi Bakı buna etiraz edib və Rusiya XİN-in hərəkəsini regionda sülhə xidmət etməyən addım adlandırıb. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top