Sosioloq: "Heç kimin ağlına da gəlmirdi ki, buna görə boşanarlar"

"Tam əminliklə söyləyə bilərəm ki, ölkəmizdə mövcud boşanma dinamikası qərb cəmiyyətlərində mövcud dinamikaya uyğun gedir". Yeniavaz.com xəbər verir ki, bunu sosioloq Cavid İmamoğlu bildirib.

"Əvvəllər boşanmanın kökündə əksər hallarda sonsuzluq dururdusa, hazırda ailə içi şiddətə görə boşanma sayında kəskin artım müşahidə olunur. Əvvəllər iqtisadi çətinlik boşanma ilə nəticələnmirdisə, hazırda iqtisadi faktor çox mühüm yol oynayır.

Əgər əvvəllər ailə daxili ünsiyyətsizlik boşanma üçün heç bir halda əsas sayılmırdısa, hazırda ailə daxili keçimsizlik çox ciddi boşanma səbəbi kimi götürülür.

Əvvəllər ailə daxili mübahisələr çox nadir hallarda nikaha son qoyma ilə nəticələnirdisə, hazırda belə mübahisələr sürətlə boşanmaya qədər gətirib çıxarır.

Əgər əvvəllər ailədaxili intim əlaqələrdəki disfunksionallıq qəti şəkildə boşanmaya səbəb olmazdısa, hazırda ayrılan cütlüklərin arasında bu faktor xüsusi qabarmaqdadır.

Əgər əvvəllər partnyorların baxımsızlığı, artıq çəkisi heç bir halda nikaha son vermək ilə nəticələnməzdisə, hazırda boşanma ssenariləri arasında artıq çəki, qarşı tərəfin özünə baxmamağı və s. kimi məsələlər gündəmə gəlir.

Əvvəllər "mən hələ ailəyə hazır deyilmişəm" kimi ifadələrə görə ailə münasibətlərinə son qoyulmurdusa, hazırda bu ifadə boşanan cütlüklərin ən populyar ifadəsidir.

Nəhayət, əgər əvvəllər ailədaxili yalnız fiziki istismar boşanmaya gətirib çıxarardısa, hazırda emossional zorakılıq belə nikaha son vermə ilə nəticələnə bilər.

Sevinəkmi, kədərlənəkmi, bunu demək hələ tezdir. Hazırda tam ciddi üzərində çalışacağımız əsas məsələ ailə planlaşdırılması məsələsində evlənəcək cütlüklərə dəstək olmaq, onları lazımı psixoloji-sosial-tibbi konsultasiyalar ilə təmin etməkdir ki, boşanma ilə nəticələnəcək evliliklər baş tutmasın",-deyə sosioloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top