Sakinlər icra başçısına: "Minlərlə ağac susuzluqdan qurumaq üzrədir"

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə Rəsul Rza ünvanında növbəti səyyar görüş keçirib. Sakinlər bir çox problemlərlə bağlı müraciət ünvanlayıblar. Bu problemlərdən ən çox qabardılanı yay ayı olduğu üçün şəhərin yaşıllığının qorunması olub.

Sakinlər bildiriblər ki, Mingəçevir yaşıllığı ilə seçilən təmiz şəhərlərdən sayılır. Lakin "Azərsu" ASC tərəfindən şəhərə su verlişi sayğaclarla həyata keçirildiyinə görə bəzi ərazilərdə yaşıllıq məhv olub gedir. İcra başçısı sakinlərə bildirib ki, Mingəçevirdə texniki su olmadığına görə bu problemlər yaşanır: "Biz Yaşıllaşdırma İdarəsinin su maşınları ilə bu problemi həll etməyə çalışırıq. Amma parklara, bağlara su xətləri çəkilib. Sayğac vasitəsi ilə o yaşıllıqlara su verilir. Biz bu problemlə bağlı nazirliyə də məlumat vermişik".

Daha sonra qaldırılan məsələlər küçələrdə zibil qutularının olamaması, zirzəmilərin zir-zibil, kanalizasiya suyu içində olması, şəhər çimərliyinin pullu olması ilə bağlı olub. Problemlərlə yanaşı, şəhərdə aparılan təmir-bərpa işlərindən də razılıq edənlər olub. Onlar bunun üçün icra başçısına minnətdarlı bildiriblər. Qaldırılan məsələləri diqqətlə dinləyən icra başçısı bu məsələlərin həll olunacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top