Hüquşünas: "Mərkəzi Bank banklara nəzarət edəndə milyonlar birdən deyil, tədricən oğurlanırdı"

Xəbər verdiyimiz kimi, dünən mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb. “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov isə bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
Sədr qeyd edib ki, “Günay Bank” Azərbaycanda bəlkə də yeganə təmiz işləyən bankdır ki, buradan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb: "Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki şirkətdən biri olmuşuq. “Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur".

M.Məmmədov Emin Zeynalov haqqında da danışıb və onun artıq işdən azad edildiyini bildirib: “Mən məsələdən xəbər tutan kimi onu çağırdım və məlumat aldım. Məlum oldu ki, onun dostlarına borcu olub. O, bankdan kənarda şəxsi biznesi olduğu üçün həmin borc da oradan yaranıb. Biz də bu borc barədə məlumat alan kimi onu dərhal işdən azad etdik".

Yeniavaz.com xəbər verir ki, mətbuatda yazılan məlumatlara və “GünayBank” sədrinin açıqlamasına münasibət bildirən maliyyə sahəsi üzrə ekspert, tanınmış hüquşünas Əkrəm Həsənov bildirib ki, Mahmud Məmmədovun Emin Zeynalovu borclarına görə işdən azad etməsi ilə bağlı sözləri inandırıcı deyil: "Bankın saytından Zeynalovun adı yalnız bir neçə dəqiqə əvvəl çıxarıldı: "Mahmud Məmmədov həmçinin deyib: "2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq". İllər boyu bank sahibi və rəhbəridir, amma gəlirlə mənfəəti ayıra bilmir! Bütün banklar gəlirlə işləyir! Mənfəətlə işləyən azdır!
Oğurluq xəbərinin düzgün olub-olmadığına yəqin ki, hüquq-mühafizə orqanları yaxında aydınlıq gətirər. Amma xəbər doğru olsa, təəccüblənmərəm. Yalnız ona görə yox ki, bankın sahibi gəlirlə mənfəəti fərqləndirə bilmir və Zeynalovun işdən azad olunduğunu desə də, bankın saytı son dəqiqələrədək bunun əksini göstərirdi.
Problem daha dərindir. Azərbaycan bankları üzərində normal nəzarət olmadığı şəraitdə nə gözləməli idik ki? 100 milyon manat nədir ki? "Bank Standard"da 1 milyard manat çatışmır, heç buna təəccüblənən yoxdur. Heç ona illər boyu nəzarət etmiş Mərkəzi Bankdan da "Bəs necə nəzarət etmisən?" soruşan yoxdur. Üstəlik Elman Rüstəmov bir neçə gün əvvəl mətbuat konfransında jurnalistləri dolayısı ilə savadsızlıqda suçladı və yaxında maarifləndirici seminarlar keçirəcəyini vəd etdi (gözləyəcəyik və videosunu izləyəcəyik!). Adama deyərlər: işini normal gör, sonra başqalarına ağıl verərsən! Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhərliyinin savad və səriştəsini görəndə Elman müəllimə irad tutmaq çətinləşir. Heç olmasa Mərkəzi Bankın banklara nəzarət etdiyi dövrdə milyonlar birdən deyil, tədricən oğurlanırdı. Mərkəzi Bank daha təcrübəli və tədbirli idi?.."

Hüquqşünas onu da bildirib ki, səhv etmirəmsə, Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top