
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra yenidən franız dilini Aİ institutlarının əsas dilinə çevirmək niyyətindədir. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Wall Street Journal” qəzeti yazır. Nəşrin yazdığına görə, hazırda Aİ-nin əsas dili ingiliscədir. Sənədlərin 80 faizindən çoxu ingilis dilində tərtib edilir, sənədlərin 5 faizi və 2 faizi müvafiq olaraq fransız və alman dillərinin payına düşür. Aİ-nin ibtidai məktəblərində uşaqların 80 faizindən çoxu və orta yaşlı avropalı məktəblilərin 95 faizindən çoxu ilk əcnəbi dil kimi ingiliscəni öyrənir. Hazırda ingilis dili Aİ əhalisinin 12,8 faizi üçün rəsmi dildir. Lakin Britaniyanın qurumdan çıxmasından sonra o, cəmi iki ölkədə - İrlandiya və Maltada ikinci rəsmi dil kimi qalacaq. Bu iki ölkədə Aİ əhalisinin cəmi 1,2 faizi yaşayır. Britaniya 1973-cü ildə Aİ-yə qoşulmazdan əvvəl fransız dili ittifaqın əsas dili olub. E. Makron avropalı məmurların fransız dili məşğələlərinin sayının artırılmasının, habelə fransızdilli məktəblərin beynəlxalq şəbəkəsinin genişləndirilməsinin tərəfdarıdır.
Tətbiqimizi yükləyə bilərsiniz