Mingəçevir Texniki Humanitar Liseyində “Son zəng” çalınıb

2017-2018-ci tədris ili təhsildə “keyfiyyət ili” elan edilib. Mingəçevir Texniki Humanitar Liseyi bu tədris ilinin ilk günlərindən tədrisə xoş xəbərlərlə başlamışdır. Belə ki, liseyin biologiya müəllimi Rüstəmova Zemfira Tofiq qızı ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub. Liseyin digər müəllimi Yaşar İsmayılov isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 10 illik yubiley ilində liseyin təhsildəki uğurları bundan sonra davam etdi. Bu tədris ilində liseydə 1264 şagird təhsil alıb, onlardan 31-i 11-ci sinif şagirdləridir.

Liseyin keçirilən “Son zəng” tədbirində direktor Nailə Məmmədova çıxış edərək, qazanılan uğurlardan danışıb, məzunları təbrik edib. Qeyd edib ki, bu il 29 şagirddən 28-i ali məktəblərə qəbul imtahanlarının 1-ci turunda keçid ballarını toplayıb. Bu məzunların 97 faizini təşkil edir. Ali məktəblərə qəbul olan məzunlardan 7 nəfəri 600-dən yuxarı nəticə göstərib. 1 şagird ən yüksək nəticə göstərərək, Türkiyənin aparıcı universitetlərindən birinin tibb fakultəsinə qəbul olub. Direktor onu da bildirib ki, lisey fənn olimpiadalarında da qalib olub. Bu olimpadaların şəhər turunda iştirak edən 43 şagirdin 25-i zona mərhələsinə, 6-sı isə respublika turuna vəsiqə qazanıb. Ümumiyyətlə, lisey 10 illik yubileyi ərəfəsində layiqli müəllimləri, şagirdəri sayəsində qızıl, gümüş, bürünc medallarla bəzənmişdi. İyun ayının 5-də Təhsil Nazirliyinin tərtib etdiyi ümumtəhsil məktəblərinin reytinq cədvəlində lisey respublika ümumtəhsil məktəbləri arasında ən yüksək reytinqli məktəb kimi birinci yerdə qərarlaşıb.

Tədbir şən musiqi sədaları altında davam edib. Birincilər məzunları şeirlə təbrik edib və onlara gül dəstələri bağışlayıblar. Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “Son zəng” tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov və Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov da çıxış edərək, məzunlara uğurlar arzulayıblar. Bu il Mingəçevir məktəblərindən 759 şagird məzun olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top