Əhalinin cins strukturu dəyişir: Yeni doğulanlar arasında oğlanlar üstülük təşkil edir

Ölkədə əhalinin sayı ilin əvvəlindən 25 min 18 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9 milyon 923 min 103 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 540 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

2018-ci ilin yanvar-aprel aylarında ölkədə 20 min 406 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top