Musiqiçini bıçaqlayan müğənni məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsində Əfsər İsmayılovun CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hadisə 2016-cı il iyunun 21-də Nəsimi rayonu, Moskva prospektində fəaliyyət göstərən kafedə baş verib.

Kafedə müğənni kimi fəaliyyət göstərən Əfsər İsmayılov onu sintizatorda müşayət edən Asif İbadovu bıçaqlayıb.

Hadisəyə səbəb Ə.İsmayılovun mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Bundan əsəbiləşən müğənni musiqiçini bıçaqlayıb və hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi RPİ İstintaq şöbəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Ə.İsmayılov barəsində axtarış elan olunub.

O, 2018-ci il yanvarın 25-də ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ə.İsmayılov ittiham aktını almadığını bildirib.

Buna görə hazırlıq iclası iyunun 21-dək təxirə salınıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top