"Paşinyan Ermənistanın Rusiyadan asılı olduğunu anlayır"

Bu həftə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüş Rusiyada başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində təşkil ediləcək. Nikol Paşinyan bu ilin may ayının 14-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşərək, müzakirələr aparsa da bu, onun baş nazir kimi Rusiya paytaxtına ilk səfəri olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edən "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri, araşdırmaçı-yazar Telman Qasımov yeniavaz.com-a açıqlamasında bildirib ki, Paşinyanın Rusiya paytaxtına rəsmi səfərlə deyil, mədəni tədbir çərçivəsində səfəri və orada görüşlər keçirməsi Ermənistanın siyasi kursunun istiqamətinin dəyişdiyini həm dünya ictimaiyyətinə, həm də Ermənistanın daxili auditoriyasına göstərmək üçün növbəti imitasiyasıdır: "Paşinyan hər nə qədər Qərb instutları tərəfindən müsbət qarşılanacaq vəzifə təyinatları, demokratiya göstəricili jestlər, Rusiyasız Ermənistan görünüşü yaratmağa çalışsa da, Ermənistanın iqtisadi və demoqrafik resurslarının Rusiyadan asılı olduğunu anlayır. Məhz bu səbəbdən ölkəsinin şah damarını kəsməmək üçün ölçülmüş addımlar atmağa məcburdur".

Rusiyanın Ermənistanın bu gedişlərinə nə kimi cavabı olacağına münasibət bildirən araşdırmaçı-yazar hesab edir ki, hazırki geo-politiksferada Rusiyanın Ermənistana qarşı ciddi tədbirlərə əl atması mümkün görünmür: "Lakin Ermənistanın Rusiyaya qarşı davranışlarında həddi aşdığı təqdirdə təkçə "demoqrafik silahla" Ermənistanı vurması bu ölkənin bir daha ayağa qalxmayacağı demək olacaq".

DİGƏR XƏBƏRLƏR

Top