İsti keçən hava çimərlik mövsümü açılmadan insanların su hövzələrinə axın etməsinə şərait yaradıb.
Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün sakinlər daha çox Mingeçevirdəki çimərliklərə üz tutur.
Bir neçə gündür bu məkanda insanların çoxluğu diqqət çəkir. Çimməyə gələn sakinlər deyirlər ki, hələ mövsüm başlamayıb, ancaq çimərlikdə ilk xəsarət də qeydə alınıb.
Ötən gün 18 yaşlı Teymur Əliyev alın nahiyəsindən zədələnib. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Bu məsələ çimərliklərdə təhlükəsizlik qaydalarını bir daha gündəmə gətirir.
Mingəçevir Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin müdiri Şəhriyar Mustafayev Yeniavaz.com saytına bildirib ki, ərazidə təmizlik işləri mütəmadi olaraq aparılır. Orada suyun səviyyəsi yüksəlməzdən avvəl bütün lazımı işlər görülüb: “Böyüklü-kiçikli hər kəs suya daxil olub sərinləməyə can atır. Mingəçevir ərazisində fəaliyyət göstərən çimərliklərdə FHN-nin xüsusi xilasedici qrupları fəaliyyət göstərir. Onlar təhlükəli hissələrə yaxınlaşan sakinləri xəbərdar edərək baş verə biləcək xoşagəlməz hadisənin qarşısını alırlar. Onu da xüsusi vurğulamaq istərdim ki, mövsüm açılan kimi sakinlər arasında şayiə yayılır ki, çimərlik pulludur. Xeyr, bu belə deyil. Ötən il burada çimməyə gələnlərin avtomobillərindən oğurluq hadisəsi daha çox baş verirdi. Ona görə də bu ildən avtomobillərin parklanması üçün pullu xidmət göstərəcəyik. Bu da sakinlərin daha rahat istirahəti üçün əlverişli şərait yaradacaq”.
Qeyd edək ki, yaxın günlərdə çimərlik ərazisində həşəratlara, gəmiricilərə qarşı dərmanlama işləri də aparılacaq.
Esmira Hidayətova, Mingəçevir