“Azəriqaz” abonentlərin sayı 2,1 milyonu ötüb

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 min 513 yeni abonent qeydiyyata alınıb. Yeniavaz.com “Azəriqaz”dan verilən məlumata istinadən bildirir ki, bunun da 22 min 838-i Bakı, Abşeron və Sumqayıt, 14 min 675-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 132 min 821-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top