ŞƏHİDİN xatirə lövhəsinin İŞIQ PULUNU xanımından istəyirlər

Bakının Xətai rayonu, Zığ yolu 31, mənzil 34 ünvanında yaşayan şəhid xanımı Abidə Əliyevanın Yeniavaz.com saytına müraciəti barədə məlumat vermişdik. A. Əliyeva mənzilinə sayğac qoyulmaması səbəbindən günlərdir şam işığında yaşadıqlarını demişdi.

Onun sözlərinə görə, həyat yoldaşı Elçin Əliyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: "O vaxt biz qayınanam və qayınatamla birgə yaşayırdıq. Lakin sonradan müxtəlif problemlər oldu və mənzil məhkəmənin qərarı ilə aramızda bölündü. 2001-ci ildən isə kommunal xidmətlərin ayrılması barədə Xətai rayon məhkəməsinin qərarı var. Ancaq ötən 17 il ərzində mənzilin mənə düşən hissəsinə hələ də sayğac qoyulmayıb".

A. Əliyevə deyib ki, bunun üçün lazım olan sənədləri "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinə dəfələrlə təqdim edib: "Qayınanam və qayınatam dünyalarını dəyişiblər, indi mənzilin onlara aid hissəsi vərəsələrinə verilib. Bu illər ərzində mən çox istədim ki, bizə ayrıca sayğac qoyulsun, lakin qoymadılar. Məcbur qalıb onların sayğacından istifadə etdim, öz istifadə etdiyim elektrik enerjisinin dəyərini vaxtında ödədim. İndi onların köhnədən qalma 500 manat borcunu əsas gətirib sayğacı söküb aparıblar".

"Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinin Elnur adlı əməkdaşı isə Yeniavaz.com saytına bildirmişdi ki, A. Əliyevanın problemlərinin həllinə köməklik göstəriləcək: "Mənim bundan xəbərim yox idi, sabah saat 9-da gəlsinlər bizim idarəyə, araşdırıb tədbir görərik".

Bu xəbərin yayılmasından təxminən 10 günə yaxın vaxt ötür. Şəhid xanımı saytımıza bildirib ki, "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinin Elnur adlı əməkdaşının qəbulunda olub, lakin borc silinməyib: "İdarəyə getdim, xahiş elədim, məktub və müraciətləri təqdim elədim, ancaq heç nəyi nəzərə almadılar. İdarənin əməkdaşları gəldilər və ölən adamın borcunu yazdılar mənim adıma. Hətta nəzarətçi məndən 3 manat pul da aldı".

Şəhid xanımı bildirib ki, aidiyyəti olmayan borcu ona ödətdirmək qərarı verilib: "Ortada məktublar var, cəmiyyətimizin müraciəti var, ailə vəziyyətimiz nəzərə alınmadı. Borcu keçirdilər mənim adıma. Ölmüş adamın adına olan 537 manat borcu mənim adıma yaza bilirlər, ancaq silə bilmirlər, bu necə olur?

Tutaq ki, biz o borcu hər ay hissə-hissə ödədik, bəs sonra necə olacaq?".

Ən ağrılısı isə odur ki, Abidə Əliyeva yaşadıqları binaya həyat yoldaşının şərəfinə vurulmuş xatirə lövhəsinin sökülməsini istəyir: "Təsəvvür edin, həmin xatirə lövhəsinin işıqlandırılmasına sərf olunan elektrik enerjisinin pulunu mənə ödətdirirlər. Mənim nə dolanışığım, nə imkanım var ki, o pulu da məndən istəyirlər. Ona görə məcbur olaraq yoldaşımın lövhəsinin sökülməsini planlaşdırıram. İşıq idarəsi onun adına olan lövhənin işıqlandırma pulunu mənim adıma yazırsa, daha nə deyəsən? Binanın blokunun işığıdır də bu. Dövlətə lazım deyilsə, heç mənə də lazım deyil. Oranın təmizlik işlərini, lampalarını təmizləməyi və s. hamısını biz edirik, mənim övladlarım edir. Heç halbuki onlar ata üzü görməyiblər. Atalarını şəkillə tanıyırlar, çox kiçik olublar. Yoldaşımın cəbhədə şəhid olması xəbəri gələndə oğlum 1 yaş 11 aylıq körpə idi, qucağımda gəzdirirdim. Əgər "Azərişıq" buna sahib çıxmırsa, ora-bura niyə müraciət edim ki? Mənim başqa o qədər problemlərim var ki, heç öz dərdimi çəkə bilmirəm. Bir aydır "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinin yollarında, Elnur adlı işçinin qəbulunda qalmışıq. Zəng edirəm, gah deyir elə, gah deyir belə. O borcu silə bilər, amma süründürməçilik edir. Qayınanamın adına olan 500 manat borcu silmədilər, keçirdilər mənim adıma. Halbuki mənzillərimiz ayrıdır, onun mənə aidiyyəti yoxdur. Deyir 500 manat borcun 1 qəpiyini də keçəsi deyiləm".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top