"Yeni Bakı"da sutka ərzində cəmi 3 saat su verilir" - ŞİKAYƏT

Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" şəhərciyinin sakinləri "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynova müraciət ediblər. Yeniavaz.com saytına da göndərilən müraciətdə deyilir: "Hörmətli, Qorxmaz müəllim! Sizə müraciət etməkdə məqsədimiz yaşadığımız şəhərcikdə son bir həftədə yaranmış su problemləri ilə bağlıdır. Bir həftədir ki, mənzillərimizə içməli su sutka ərzində cəmi 3 saat verilir ki, bunun da guya əsas səbəbi kimi "İDF" MMC tərəfindən "Azərsu" olaraq göstərilir. "Azərsu"nun "qaynar xətti" isə çoxsaylı zənglərimizə tam fərqli cavablar verir. Qeyd olunur ki, "Azərsu" əvvəlki gücü ilə işləyir, bizdə heç bir problem yoxdur, məsələnin kökünü şəhərciyinizdə və şəhərciyinizə təhkim olunmuş şəxslərdə axtarın.
Nəzərinizə çatdırmaq istəyirik ki, "İDF" MMC-nin, rəhbərlik etdiyiniz quruma, bu günə 44 min manata yaxın borcu var. Əgər problem bu borca görədirsə, sizi əmin edirik ki, bu pul sakinlərdən yığılıb, lakin dövlətə ödənilməyib.

Hörmətli, Qorxmaz müəllim!
Bu cavablar bizi çaş-baş salıb və bilmirik dərdimizi indi kimə deyək.
Niyə "Azərsu" ASC, "Yeni Bakı" yaşayış kompleksinin sakinlərini fərdi abonent kimi tanımaq istəmir?
Niyə cəmi 15-20 metr məsafədə yerləşən, "Qurtuluş" 93 massivində oldugu kimi, bizə fərdi şəkildə, dövlətin sayğacları qoyulmur?
İsti yay günləri, yaradılmış su problemləri şəhərcikdə böyük bir gərginliyə və şəhərciyin haqlı narazılığına səbəb olub. Artıq sakinlər "Azərsu" və "İDF" MMC-nin qeyri-müəyyən cavabları arasında susuz vəziyyətdə qalıb və şəhərcik barıt çəlləyinə bənzəyir.
"İDF" MMC, "Yeni Bakı" yaşayış kompleksində 300 mənzili olan, 10-12 min nəfər sakini dolayısı ilə dövlətin, birbaşa olaraq isə sizin qurumun üzərinə qaldırır.
Əgər qısa zamanda bunun qarşısı alınmasa, yaradılmış bu süni əngəllərə görə, əhalini narazı salıb ayağa qaldıranlara görə, Azərbaycan Respublikasının Prezidentinə şikayət edib tədbirlər görülməsini və bu işdə günahkar olanların cəzalandırılmasını xahiş edəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top