Kredit faizləri: Dollarla, yoxsa manatla daha çox artıb?

Bu ilin may ayının əvvəlinə olan məlumata görə Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 12% olub. Bu göstərici Bakı şəhərində 10,5% təşkil edib. Yeniavaz.com Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövründə kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 10,4%, Bakı şəhəri üzrə 9% olub. Rəqəmlərdən də göründüyü kimi, kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 1,6 faiz bəndi, Bakı şəhəri üzrə isə 1,5 fazi bəndi artıb.

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Aran və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 22,5% və 21,9% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (10,5%), həmçinin Naxçıvan (8,5%) iqtisadi rayonlarında müşahidə olunub.

Banklar tərəfindən verilən kreditlərin 60,8%-i və ya 7 milyard 181,3 milyon manatı milli valyutada, 39,2%-i və ya 4 milyard 634,5 milyon manatı isə xarici valyutada olub. Milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13,6%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 9,7% olub. Ötən ilin analoji dövründə milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 12,3%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 8,5% olub.

Onu da qeyd edək ki, kreditlərin ümumi məbləği isə ötən ilin analoji dövrü ilə müqayisədə 23,5%-i və ya 3 milyard 637,7 milyon manat azalıb.

DİGƏR XƏBƏRLƏR

Top